Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar.
Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.
Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlıq məşqləri keçdiyi təlim-atış mərkəzində də olub. Nazirə poliqon haqqında məlumat verilərək bildirilib ki, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləri vasitəsilə real döyüş şəraitinə uyğun təlimlərin keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün şərait yaradılıb.
Poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığını daha da təkmilləşdirmək və təcrübələrini artırmaq imkanı əldə edir.
Müdafiə naziri atış, taktiki sahə, kəşfiyyat, snayper hazırlığı kursu və digər təlim nöqtələrində praktiki hazırlıq çalışmalarını izləyib.