Yadigar Məmmədli: "Ölkədəki mövcud durumu düzgün çatdırmaqda öz funksiyasını ləyaqətlə yerinə yetirir"
Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin keçirilməsi bəşəriyyət üçün vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır. Yayılan məlumata görə, bunu Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu çərçivəsində panel müzakirələri zaman UNESCO-nun İcra Şurasının sədri Maykl Uorbs deyib.
O bildirib ki, bundan əvvəl keçirilən Bakı humanitar forumları UNESCO-nun işinə mühüm töhfə verib: "Burada görülən işlər UNESCO mandatına uyğundur. Dünya qarşısında duran çağırışların müzakirə edilməsi və onların həlli istiqamətində fikir mübadiləsinin aparılması çox əhəmiyyətli məsələdir".
M.Uorbs bildirib ki, bu gün dünyada münaqişələrin sayı artmaqdadır: "Belə bir şəraitdə bizə qərəzsiz media lazımdır. Biz münaqişələrin həllini yalnız dövlətlərin üzərinə atmalı deyilik, eyni zamanda, vətəndaş cəmiyyətləri üzərində cəmləşməliyik. Bu baxımdan bu cür forumların keçirilməsi və bu məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması vacibdir. UNESCO bu Forumdan böyük nəticələr gözləyir".
Bütün bu deyilənlərin fonunda, Azərbaycan mediası bu kontekstdə nümunə ola bilərmi? Bununla bağlı media ekspertlərinin yanaşması necədir?
Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli hesab edir ki, ölkə mediası bu məsələdə nümunə ola bilər: "UNESCO İcra Şurasının sədri həmin tədbirdə dünyadakı münaqişələr, proseslərlə bağlı çox ciddi ittihamlar səsləndirdi. Bu ittihamlar ondan ibarətdir ki, mövcud müharibələrin dünya müharibəsinə çevrilməsi təhlükəsi var. Azərbaycanla bağlı isə onu bildirdi ki, bizdə tam normal model, cəmiyyət, insanların birgə yaşayışı var. Müxtəlif din daşıyıcılarının, millət sahiblərinin bir-birinə hörmətlə yanaşması modeli var. Bu da dünya üçün bir nümunədir. Azərbaycan mediası da bu məsələlərdə obyektivdir. Ölkədəki mövcud durumu düzgün çatdırmaqda öz funksiyasını ləyaqətlə yerinə yetirir. Keçirilən tədbirin möhtəşəmliyidir ki, ən müxtəlif mövzular Bakı Forumunda müzakirə olunur. Bununla bağlı fikir mübadiləsi aparılır. Hesab edirəm ki, bu kontekstdə Azərbaycan mediası nümunə ola bilər. Bunun üçün kifayət qədər əsaslar var".
Vidadi ORDAHALLI