Bu gün Bakıda MDB ölkələri Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Şurasının 41-ci iclası açılır.
Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən xəbər verir. Rusiya FTB-dən verilən açıqlamaya görə, Bakı toplantısının əsas mövzusunu terrorizm, mütəşəkkil transsərhəd cinayətkarlıqları və MDB məkanında terror təhlükəsinə qarşı birgə mübarizə təşkil edəcək. Eyni zamanda İŞİD təhlükəsinə qarşı birgə mübarizə üzrə məsləhətləşmələr davam etdiriləcək. Toplantıda, həmçinin, MDB üzv ölkələri arasında radikal dini ideologiyaların genişlənməsinə qarşı mübarizədə fəaliyyətlərin koordinasiya olunması üzrə məsləhətləşmələrin aparılması planlaşdırılır.
Bundan əlavə, Rusiyanın təşəbbüsü ilə iclasda nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətin gücləndirilməsilə bağlı müzakirələrin keçirilməsi planlaşdırılır ki, bu məqsədlə bir sıra Avropa ölkələrinin xüsusi xidmət nümayəndələri də tədbirə dəvət olunub.
Qeyd edək ki, MDB ölkələri Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Şurası 28 mart 1997-ci ildə MDB dövlət başçılarının təşəbbüsü ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətin koordinasiya olunması məqsədilə yaradılıb. Qurumun üzvləri qismində təsis qərarını imzalamış ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərləri çıxıç edir. Yalnız Türkmənistan və Özbəkistan bu tədbirlərə müşahidəçi qismində qatılır. Həmin toplantılar isə zərurət yarandıqda, lakin ildə iki dəfədən az olmayaraq növbə ilə üzv dövlətlərin ərazisində keçirilir.