Beynəlxalq QHT-lər qrupu Azərbaycanda keçirilmiş referendumla bağlı bəyanat yayıb. Qrupun bəyanatında deyilir: "Bazar ertəsi, 26 sentyabrda Azərbaycan Respublikasında keçirilmiş Konstitusiya referendumu ölkənin siyasi sabitliyinin yeni zəmanətidir.
Azərbaycan vətəndaşlarının səsverməsinə təqdim edilmiş Konstitusiyaya düzəlişlər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək.
Belə ki, bu düzəlişlər hər hansı hakimiyyət boşluğunun qarşısını alaraq, ölkə institutlarının sabitliyini təmin edəcək. Türkiyədə baş vermiş son hadisələri nəzərə alsaq, bu, həyati əhəmiyyət kəsb edən məsələdir.
Beləliklə, biz Konstitusiya referendumunun nəticələrini olduqca diqqət mərkəzində saxlayırıq. Avropa İttifaqının tərəfdaş dövlətində siyasi sabitlik və vətəndaşların azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm zəmanətidir.
Komandamız 49 səsvermə məntəqəsində müşahidə apardı və 5 məntəqədə səslərin sayılmasını izlədi.
Səsvermənin yüksək səviyyədə keçdiyini müşahidə etdik, səslərin sayılması prosesində qanun pozuntularının şahidi olmadıq, bu isə prosesin Azərbaycan vətəndaşlarının gözləntilərinə cavab verdiyinin aydın göstəricisidir.
Biz, eyni zamanda, Konstitusiya referendumu günü ərzində ölkədə mühitin dinc və sakit olduğunu müşahidə etdik.
ASKTM komandamızın missiyası ilə əməkdaşlığa görə İnsanlar Arasında Əməkdaşlığın Yenilənməsi Alyansına (Belçika) təşəkkür edir.
Bəyanatı Beynəlxalq QHT-lər qrupunun üzvləri imzalayıb: 1. William Racimora - Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Belçika 2. Bourdoux Gilis - Polis üzrə araşdırma mərkəzi, Belçika.
Xəbər xidməti