Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin (referendum) yekun nəticəsi açıqlanıb.
Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da keçirilmiş referendumun yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib ki, Komissiyanın ümumi ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsinin hamısından hesabatlar daxil olub.
O qeyd edib ki, 5 267 111 seçicidən 3 673 029 nəfəri səsvermədə iştirak edib.
Layihədə müzakirəyə çıxarılmış məsələlərə görə lehinə səsvermə faizi 83-dən yuxarıdır. Ən yüksək nəticə 14-cü hissədir, ən aşağı faiz isə 7-ci hissədir.
M.Pənahov bildirib ki, ümumxalq səsverməsində seçicilərin 3 673 029 nəfəri səs verib. O, qeyd edib ki, seçkilər çox yüksək şəkildə keçirilib: "MSK-ya rəsmi şəkildə hər hansı şikayət daxil olmayıb".
M.Pənahov deyib ki, referendumla bağlı şübhə doğuran nəticələr ləğv oluna bilər. M.Pənahov qeyd edib ki, nəticələrə zərrə qədər şübhə yaransa, haradasa nəticələr yekun nəticələrə təsir etsə, orada nəticələr ləğv olunacaq: "Hətta təsir etməsə belə, biz o komissiyaları buraxacağıq. Hansısa sənəddə diqqətsizlik hiss etsək, yenə də cəzalandıracağıq".