280 km məsafəyə uça bilən ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycanın üzərində təcrübə-konstruktor işi apardığı 125 hərbi məmulatla bağlı prioritet layihələr "Hava-yer", "Hava-hava", "Yer-yer" raketlər ilə bağlıdır: “Hazırda bu istiqamətdə dünyanın bir neçə aparıcı şirkətləri ilə danışıqlar gedir”.
“Zərbə” pilotsuz uçuş aparatı Ermənistan ordusunun ölüm kabusuna çevrilib. Hazırda Müdafiə Nazirliyi ilə danışıqlar gedir. Yüzlərlə pilotsuz uçuş aparatı sifariş verilib. Bu günlərdə müqavilə imzalanacaq”. Bunu da Yavər Camalov deyib (APA).
Nazir Ermənistan ordusunun paradında "İsgəndər" raket kompleksinin nümayiş etdirilməsinə də münasibət bildirib. O qeyd edib ki, Ermənistan müstəqil dövlət olmadığı üçün onun keçirdiyi paradın da elə bir əhəmiyyəti yoxdur: “Ermənistana verilən "İsgəndər M" deyil. "İsgəndər M" 500 km məsafədə hədəfi vurur. Ermənistana verilən isə "İsgəndər E"-dir. "İsgəndər E"-nin 280 km məsafəni vurmaq imkanı var. "İsgəndər E" istismar müddətini başa vurmuş ballistik raketlərdir”.