Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə zəng edib.
Baki-xeber.com bu barədə erməni mətbuatına istinadən xəbər verir. Xəbərdə bildirilir ki, söhbətin əsas mövzusunu guya sentyabrın 25-də qoşunların təmas xəttində Azərbaycan tərəfinin açdığı atəşlə erməni hərbçisi Sevak Xaçatryanın ölümcül yaralanması təşkil edib. Xəbərdə deyilir ki, Tonoyan Azərbaycan tərəfindən atəşkəsin pozulması (!) hallarının yolverilməz olduğunu bildirib və deyib ki, baş verən istənilən insidentin məsuliyyəti Azərbaycanın üzərinə düşür. Xəbərdə o da bildirilir ki, Kasprşik yaranmış şəraitdən narahatlığını ifadə edib və gələcəkdə belə halların baş verməməsi yönündə fəaliyyətlərini artıracaqlarını vəd edib.
Söz yox ki, bu kimi xəbərlər yaymaqda erməni mediasının məqsədi münaqişənin çözüm yoluna daş qoymaqla zaman qazanmaqdır. Təbii, Azərbaycan ötən onillər ərzində dəfələrlə düşmənin bu tip tryukları ilə üzləşdiyindən növbəti gedişin də mahiyyətini yaxşı anlayır və burada təəccüblü heç nə yoxdur. Lakin münaqişənin məğzinə elə Azərbaycan qədər bələd olan və bu illər ərzində onun çözümü istiqamətində işləyən bir beynəlxalq qurumun yetkilisinin erməni tərəfinin şikayətinə verdiyi cavab bir qədər şübhəli görünür. Yəni burada iki versiya ortaya çıxır: ya Kasprşik məsələyə reaksiyasında səmimi deyil, ya da bu, növbəti erməni şərləməsidir. Lakin istənilən halda maraqlıdır: qoşunların təmas xəttində vaxtaşırı monitorinqlər aparan, hətta bu monitorinqlərin gedişində belə ermənilərin atəşi altına düşən bir missiyanın rəhbəri Azərbaycanın atəşkəsi pozduğuna inanıbmı?..
Samirə