“Ermənilərlə barışıq baş tuta bilər, amma Ermənistan tərəfdən çox şey asılıdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.
O, “Sülhə nail olmaq üçün nə edilməlidir?” sualına cavabında qeyd edib ki, hazırda top Ermənistanın meydançasındadır: “Azərbaycan sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zülmlərlə bağlı səhifəni çevirmək istəyir. Biz həqiqətən sülh içində yaşamaq istəyərik. Amma top Ermənistan Respublikasının meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar.
Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı bizi çox yüksək qiymətləndirdiyimiz Vaşinqtonun təqdim etdiyi platformada sülh müqaviləsi danışıqları yolundan çıxardı. Halbuki, çox mühüm irəliləyiş əldə etmişdik. Sənədin demək olar ki, 70 faizi ilə müəyyən mənada razılaşmışdıq”. Hikmət Hacıyev bildirib ki, sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək.
Mətləb Salahov