Myanmada rohinca müsəlmanlarını hədəfləyən təhlükəsizlik əməliyyatı "etnik təmizləmə üzrə klassik misala bənzəyir". Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, bunu BMT İnsan hüquqları qurumunun başçısı deyib.
Zeid Ra'ad al-Hussein hökuməti öz "amansız cari hərbi əməliyyatı"na son qoymağa səsləyib.
Raxin ştatında ötən ay başlayan zorakılıq ardınca 294 minə yaxın müsəlman Banqladeşə qaçıb. Hərbiyyə rohinca silahları tərəfindən hücumlara cavab verməli olduğunu deyir. Hərbçilər mülkiləri hədəflədiyi barədə ittihamları rədd edirlər.
Bundan başqa Myanma, Rohinca silahlı qrupunun Raxin vilayətində birtərəfli qaydada elan etdiyi atəşkəsi rədd edib. Arakan Rohinca Qurtuluş Ordusu (ARQO) bu barədə bazar günü elan edib və Myanma ordusunu da atəşkəsə əməl etməyə dəvət edib. Lakin hökumət sözçüsü Zav Htay deyib ki, Myanma "terrorçularla" danışıqlar aparmayacaq.
ARQO atəşkəsi Twitter vasitəsilə elan edərək, bildirib ki, bunu "humanitar missiyaların Raxin bölgəsində vəziyyəti dəyərləndirməsi üçün edir". Myanma bu təşəbbüsü rədd edib və bildirib ki, ordu Rohinca "terrorçularına" qarşı əməliyyatlar aparır. "Bizim siyasətimiz terrorçularla danışıqlar aparmamaqdır", - hokümət sözçüsü Zav Htay tvitləyib.
Bu arada Banqladeşdə yerli rəsmilər bildirib ki, Rohinca qaçqınları axınının öhdəsindən gəlmək üçün səylər göstərirlər.
Ölkənin xarici işlər naziri Mahmud Əli Myanmadakı zorakılığı "soyqırım" kimi təsvir edib.
Zorakılıq 25 avqustda, rohincaların polis məntəqələrinə hücumundan sonra başlayıb. Basqında 12 təhlükəsizlik əməkdaşı öldürülüb. Bundan sonra ölkəni tərk edən rohincalara əsasən hərbiyə basqına amansız əməliyyatlarla cavab verib. Onlar kəndlərə od vurub, mülkiləri qətlə yetiriblər.