Ukrayna polisi “Krakoveç” sərhəd-keçid məntəqəsi yaxınlığında 100-dən çox insanı saxladığını açıqlayıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşadan Ukraynaya məhz bu sərhəd keçid məntəqəsindən keçmək niyyətindədir.
Polisin yaydığı məlumatda bildirilir ki, 100-dən çox xüsusi formalı şəxs Ukrayna-Polşa sərhədinə doğru hərəkət edərkən polis tərəfindən saxlanılıb. Saxlanılanlar şəxsiyyətləri müəyyənləşdirilir və onların “Krakoveç” sərhəd-keçid məntəqəsinə getməsinin səbəbi aydınlaşdırılır. Eyni zamanda yoxlamalar zamanı saxlanılanların üzərində qaz balonları, həyəcan siqnalı üçün nəzərdə tutulan tapança, metal predmetlər aşkarlanıb. Saxlanılanlar arasında tələbələr və 3 yetkinlik yaşına çatmayan da var. Saxlanılanlara qarşı kütləvi aksiyaların, nümayişlərin keçirilməsi qaydasının pozulması ilə əlaqədar inzibati protokol tərtib olunacağı bildirilib.
BBC xəbər verir ki, Saakaşvilinin qatarla Polşadan Ukraynaya daxil olmaq cəhdi də baş tutmayıb. Qatar əvvəlcə geciksə də, daha sonra ümumiyyətlə təxirə salınıb. "Qatar hərəkət etməyəcək, sərnişinləri Ukraynaya avtobuslarla gedə bilərlər", vağzalda elan edilib.
Marşrutun dəyişdirilməsinə razılıq verən sərnişinlərin biletin qiyməti məbləğində kompensasiya ediləcəyi deyilir.
Saakaşvili əvvəlcə Ukraynaya avtobusla daxil olmaq istəsə də, daha sonra Krakovets keçid məntəqəsində provokasiya ehtimalından plana dəyişiklik etdiyini və qatarla getmək istədiyini bildirib.
Saakaşvili daha əvvəl sentyabrın 10-da Ukraynaya qayıdacağını bildirmişdi.
Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.