Britaniya hökuməti güman edir ki, Şimali Koreya nüvə silahı sahəsində son uğurlarına görə Irana minnətdar olmalıdır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Telegraph” qəzeti yazır. Qəzetin bildirdiyinə görə, Britaniya XİN hazırda Kim Çen Inın nüvə sahəsindəki sıçrayışında “keçmiş və indiki nüvə dövlətlərinin” yardım rolunu araşdırır. Britaniya hökumətindəki mənbələrin fikrincə, bu yardım olmadan KXDR alimlərinin hazırkı yüksək nailiyyətlərinə çatılması mümkünsüzdür. Bu barədə daha öncə XİN başçısı Boris Conson da bəyan edib. Düzdür, Conson bu sırada hər hansı dövlətin adını çəkməyib, lakin qəzetin informasiyasına görə, “şübhəlilərin” siyahısına Iran başçılıq edir. Xəbərə görə, sözügedən araşdırmaların aparılmasında məqsəd Şimali Koreyaya yeni təzyiq rıçaqları əldə etməkdir.
Maraqlıdır ki, bu sırada “yardımçı ölkə” qismində Rusiyanın da adının çəkildiyi xəbər verilir. Lakin “Telegraph” bu mövzuda təfərrüatlara varmır.
Xatırladaq ki, avqustun 3-də KXDR qitələrarası ballistik raketin hidrogen başlığını uğurla sınaqdan keçirib. Bu isə bu ölkənin nüvə proqramında altıncı sınaqdır. Bundan öncə isə Pxenyan Yaponiya ərazisindən keçməklə ballistik raket buraxılışı həyata keçirmişdi.
Şənbə günü ABŞ-ın BMT-dəki daimi nümayəndəliyində bildiriblər ki, bazar ertəsi – sentyabrın 11-də Amerika BMT Təhlükəsizlik Şurasına KXDR-ə qarşı sanksiyalar üzrə qətnamə layihəsi təqdim edəcək.