23–24 yanvarda ABŞ-Ukrayna-Rusiya danışıqlarının keçirildiyi Abu-Dabidə, Ukrayna və Rusiya nümayəndələri arasında ABŞ-ın iştirakı olmadan ikitərəfli danışıqlar da olub. Məlumatı “Axios” nəşri amerikalı və ukraynalı rəsmi şəxslərə istinadən yayıb.
Mənbələrin bildirdiyinə görə, şənbə günü amerikalı vasitəçilər rus və ukraynalı nümayəndələrlə görüşlər keçiriblər, eyni zamanda Rusiya və Ukrayna tərəfləri amerikalıların iştirakı olmadan birbaşa da görüşüblər.
Amerikalı rəsmi şəxslər bildiriblər ki, iki gün davam edən danışıqlar zamanı bütün məsələlər müzakirə olunub – Rusiyanın Donbasdakı ərazi tələbləri, Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı mübahisə və deskalasiya addımları.
“Hamısı müzakirə olundu. Müzakirələr zamanı heç kim hörmətsizlik etmədi. Heç bir müzakirə mövzusunu kənarda qoymadıq və heç kimə təzyiq göstərməyə ehtiyac olmadı. Otaqda böyük qarşılıqlı hörmət gördük, çünki tərəflər səmimi şəkildə çıxış yolu axtarırdılar”, – deyə amerikalı rəsmilərdən biri bildirib.
“Hər şey gözlənildiyi kimi yaxşı keçdi. Hazırda olduğumuz mərhələdən razıyıq”, – deyə digər amerikalı rəsmi şəxs qeyd edib.
Ukraynalı yüksəkvəzifəli məmurun məlumatına görə isə, “əhəmiyyətli irəliləyiş” əldə olunmasına baxmayaraq, Rusiyanın prezidenti Putinin müharibəni həqiqətən bitirmək istəyib-istəmədiyi və danışıqlar aparan nümayəndələrinə razılaşma əldə etmək üçün səlahiyyət verib-verməyəcəyi hələ də qeyri-müəyyəndir.
Məlumat üçün bildirək ki, 23–24 yanvar tarixlərində Abu-Dabidə keçirilən iki günlük danışıqlar başa çatıb. Məlumata görə, danışıqların növbəti raundu fevralın 1-də yenidən Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.
TAHİR