İran hökuməti ABŞ prezidenti Donald Trampın İrandakı hadisələri yaxından izlədiklərini və bölgəyə böyük bir hərbi donanma göndərdiklərini açıqlamasına sərt reaksiya verib.
“Reuters” agentliyinə anonimlik şərti ilə danışan yüksək vəzifəli bir İran rəsmisi, ABŞ-ın hər hansı bir hücumunun cavabsız qalmayacağını vurğulayıb: "Bu dəfə, istər məhdud, istər məhdudiyyətsiz, istər dəqiq, istərsə də kinetik, nə deyirlərsə desinlər, bizə qarşı hər hansı bir hücumu tammiqyaslı müharibə hesab edəcəyik və onu həll etmək üçün mümkün olan ən sərt şəkildə cavab verəcəyik".
ABŞ-ın Yaxın Şərqə hərbi donanma yerləşdirməsinə toxunan İran rəsmisi ümid edirik ki, ABŞ-ın hərbi gücünün artırılması real münaqişə üçün nəzərdə tutulmayıb: “Lakin ordumuz ən pis ssenariyə hazırdır. Buna görə də İran tam hazırlıq vəziyyətindədir."
İranın hər hansı bir hücuma qarşı suverenliyini qoruyacağını təkrarlayan İran rəsmisi deyib ki, amerikalılar ölkənin suverenliyini və ərazi bütövlüyünü pozarsa, buna sərt qarşılıq veriləcək. Lakin rəsmi bu cavabın nə olacağı barədə ətraflı məlumat verməkdən imtina edib.
Özünümüdafiənin ölkəsi üçün zəruri olduğunu vurğulayan İran rəsmisi bildirib ki, ABŞ-ın davam edən hərbi təhdidi altında olan bir ölkənin hücumu dəf etmək və mümkünsə İrana hücum etməyə cəsarət edən hər kəsə qarşı tarazlığı bərpa etmək üçün bütün mövcud vasitələrdən istifadə etməkdən başqa çarəsi yoxdur".
Xatırladaq ki, İrandakı hadisələri yaxından izlədiklərini bildirən ABŞ prezidenti Tramp, ehtiyat tədbiri olaraq Yaxın Şərq istiqamətində çox sayda gəmi göndərdiklərini deyib: “Böyük bir dəniz donanması bölgəyə doğru gedir. Nə olacağını görəcəyik. Ümid edirəm ki, heç nə olmaz, amma onları çox diqqətlə izləyirik".
TAHİR