CNN telekanalının məlumatına görə, ABŞ-də Tramp administrasiyası 25 yanvar tarixində onlarla İran vətəndaşının İslam Respublikasına deportasiyasını planlaşdırır. Deportasiya siyahısında olan şəxslər arasında İranda cinsi oriyentasiyasına görə edam cəzasına məhkum edilən iki kişi də var.
Məlumata görə, həmin şəxslər ABŞ-yə İranda təqib və həyatlarına olan real təhlükə səbəbilə sığınıblar. Deportasiya ediləcəkləri təqdirdə onları birbaşa edam riski gözləyir.
Adının açıqlanmasını istəməyən şəxslərdən biri CNN-ə bildirib: “Əgər insanlara doğrudan da qayğı göstərirsinizsə, xahiş edirəm qalmağımıza icazə verin”.
Onların vəkili isə ABŞ hökumətinin mövqeyini sərt tənqid edib. Vəkilin sözlərinə görə, Vaşinqtonun siyasəti açıq şəkildə ziddiyyətlidir: “Bir tərəfdən Amerika İran rejiminə qarşı etirazçıları dəstəklədiyini deyir, digər tərəfdən isə eyni rejim tərəfindən təqib olunan insanları geri göndərir”.
İradə SARIYEVA