ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronu Qəzza zolağında sülhə nəzarət məqsədilə yaratdığı "Sülh Şurası"na qoşulmağa təşviq etmək üçün fransız şərablarına və şampanlarına 200% tarif tətbiq etməklə hədələyib.
Bloomberg mənbəyinə görə, Makron təşkilatın məqsədinin Qəzzadan kənara çıxdığı və BMT prinsiplərinə və institusional çərçivələrə riayət olunması ilə bağlı ciddi narahatlıqlar doğurduğu qənaətində olduğundan, şuraya qoşulmaq niyyətində deyil.
"O çox tezliklə vəzifəsindən gedəcəyi üçün heç kimə lazım deyil. Mən onun şərabına və şampanına 200 faiz tarif tətbiq edəcəyəm və o qoşulacaq, amma buna məcbur deyil", - Tramp jurnalistin sualına cavab olaraq bildirib.
Qeyd edək ki, Makronun prezidentlik müddəti 2027-ci ildə başa çatır.
Onu da bildirək ki, Şuraya üzv olan ölkələr yaradılan fonda 1 milyard dollar ödəməlidir. Bildirilir ki, yığılan vəsait Qəzzanın bərpasına sərf olunacaq.
SAMİRƏ