Nobel Sülh Mükafatı ABŞ prezidenti Donald Tramp üçün məyusluq mənbəyi olaraq qalmaqdadır. Bunun nəticəsidir ki, Tramp mükafatı verən ölkənin - Norveçin Baş nazirinə məktub göndərib. ABŞ prezidenti Qrenlandiyaya iddiasını təkrarlayaraq bildirib: "Ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək qərarını nəzərə alaraq, artıq yalnız sülhü düşünməyə borclu deyiləm".
Baxmayaraq ki, ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatını Venesuela müxalifət lideri Maçadodan alıb, lakin ABŞ prezidentinin mükafatı verən ölkə kimi Norveçə qarşı qəzəbi hələ də azalmayıb.
PBS News-un məlumatına görə, Norveç Baş naziri Jonas Gar Store-a ünvanlanan məktub Milli Təhlükəsizlik Şurasının əməkdaşları tərəfindən Vaşinqtondakı bir neçə Avropa səfirinə də göndərilib.
“Hörmətli Jonas, Ölkənizin 8 müharibəni dayandırmama baxmayaraq mənə Nobel Sülh Mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülhü düşünməyə borclu deyiləm. Sülh həmişə dominant element olacaq, amma indi ABŞ üçün nəyin yaxşı və doğru olduğunu da düşünə bilərəm. Danimarka bu torpağı Rusiyadan və ya Çindən qoruya bilməz və niyə onların “mülkiyyət hüquqları” olmalıdır? Yazılı sənədlər yoxdur; yalnız yüz illər əvvəl orada bir qayıq dayandığı bildirilir. Bizim də orada dayanan qayıqlarımız var idi. NATO-nun yaranmasından bəri mən NATO üçün hər kəsdən daha çox iş görmüşəm və indi NATO ABŞ üçün bir şey etməlidir. Qrenlandiya üzərində tam və mütləq nəzarətimiz olmadığı təqdirdə dünya təhlükəsiz deyil”- Trampın məktubunda deyilir.
Qeyd edək ki, Trampın məktubu Norveç Baş nazirinin ABŞ Prezidentinin tarif elanına "müttəfiqlər arasında təhdidlərə yer yoxdur" cavabı verməsindən dərhal sonra gəlib.
SAMİRƏ