Avropa Birliyi ölkələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya vasitəsilə NATO müttəfiqlərinə təzyiqi və 10% tarif təhdidinə cavab olaraq ABŞ istehsalı olan mallara 93 milyard avro dəyərində tarif tətbiq etməyi və ya Amerika şirkətlərinin AB bazarına çıxışını məhdudlaşdırmağı nəzərdən keçirir.
“Financial Times” qəzetinin rəsmilərə istinadən verdiyi məlumata görə, bu addımlar Davosda keçirilən Dünya İqtisadi Forumu da daxil olmaqla, vacib təmaslarda Avropanın Vaşinqtona qarşı əlini gücləndirməyi hədəfləyir. 2025-ci il üçün hazırlanmış, lakin ticarət müharibəsi riski səbəbindən dondurulmuş tədbirlər siyahısı 6 fevral tarixinə qədər yenidən nəzərdən keçiriləcək. Paris və Berlinin birgə cavab tədbirləri barədə razılığa gəldiyi bildirilsə də, bir çox AB ölkələri birbaşa qarşıdurma əvəzinə dialoqa çağırır. Avropa rəsmiləri potensial əks tədbirlərin ABŞ-ın daxili ictimai rəyində də təzyiq yaradacağını və Trampı Qrenlandiya məsələsində geri çəkilməyə məcbur edəcəyinə ümid edirlər.
TAHİR