Rusiyanın İrkutsk vilayətində terror aktı törətmək və infrastruktur obyektinin yandırılması planında şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi sözçüsü İrina Volk açıqlama verib.
Xəbərə görə, 18 yaşlı gənclə əlaqə saxlayan naməlum şəxs maliyyə monitorinqi təşkilatının əməkdaşı olduğunu iddia edərək, onu pullarını "təhlükəsiz saxlamağa" inandırıb. Nəticədə zərərçəkən nənəsinin əmanətlərini götürərək göstərilən hesaba köçürüb. "Daha sonra saxta FSB zabitindən zəng gəlib və o, köçürmənin Ukrayna ordusunu maliyyələşdirmək üçün nəzərdə tutulduğunu bildirib. Məsuliyyətdən yayınmaq üçün isə qondarma zabit zərərçəkənə infrastruktur obyektinin yandırılması ilə bağlı xüsusi əməliyyatda iştirak etməyi təklif edib". Rusiya DİN rəsmisinin sözlərinə görə, şübhəli artıq həbs edilib və onu 20 ilə qədər həbs cəzası gözləyir.
SAMİRƏ