Suriya prezidenti Əhməd Şara YPG/SDG terror təşkilatı ilə yeni bir razılaşma elan edib. Ölkənin şimal-şərqində atəşkəs elan edən Şara, bölgədəki nüfuzlu tayfaları da "gərginliyi azaltmağa" çağırıb.
Şara açıqlamasında dövlət qurumlarının şərqdə və şimal-şərqdə YPG/SDG işğalı altında olan üç əyalətə girəcəyini bəyan edib.
Suriya hökuməti ilə YPG/SDG arasında əldə edilən razılaşmaya əsasən, ölkədəki bütün enerji resursları və sərhəd keçid məntəqələri dövlətin nəzarəti altına keçəcək. Suriyanın rəsmi xəbər agentliyi SANA da tərəflər arasında tam inteqrasiyanı nəzərdə tutan bir razılaşmanın imzalandığını bildirib.
Maraqlıdır ki, Şara bu qərarı ABŞ-ın Suriya üzrə xüsusi elçisi Tomas Barakla görüşdən qısa bir neçə saat sonra elan edib. Görüş YPG terror təşkilatı ilə Fərat çayının hər iki tərəfində Suriya ordusu və digər qruplar arasında toqquşmaların davam etdiyi bir vaxtda baş tutub.
TAHİR