İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ Prezidenti Donald Trampın 800 etirazçının edam hökmünün ləğvi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Bekayi bildirib ki, İranda 800 nəfərin edam edilməsi ilə bağlı açıqlamalar məsuliyyətsiz və həqiqətə uyğun deyil: “Məhkəmə qərarları vaxt tələb edir. Belə vacib məsələ ilə bağlı belə tez bir qərar qəbul etmək mümkün deyil".
Etirazlar zamanı bəzi səfirliklərin bağlanması xəbərlərinə gəlincə, İran sözçüsü deyib ki, internetin kəsilməsi və hadisələrin yaratdığı narahatlıqlar səbəbindən bəzi səfirlik diplomatları ölkələrinə qayıdıblar, lakin heç bir səfirlik bağlanmayıb: “Ümid edirik ki, müvəqqəti olaraq gedən diplomatlar ən qısa zamanda geri qayıdacaqlar və səfirliklərin fəaliyyəti normal vəziyyətə qayıdacaq".
Qeyd edək ki, Tramp yanvarın 16-da sosial media paylaşımında İran hökumətinin 800-dən çox planlaşdırılan edamın ləğvinə böyük hörmətlə yanaşdığını bildirib.
"Dünən İran hökuməti tərəfindən planlaşdırılan bütün (800-dən çox) edamın ləğvinə böyük hörmətim edirəm. Təşəkkür edirəm" – deyə Tramp bildirib.
TAHİR