Ukraynanın energetika naziri Denis Şmıqal ölkə daxilində enerji böhranının miqyasını açıqlayan təəccüblü bir açıqlama verdi. Şmıqal Rusiyanın davam edən hücumları səbəbindən Ukraynada bir dənə də olsun zərər görməyən elektrik stansiyasının qalmadığını bildirib. O, ən çox zərər çəkən bölgələrin paytaxt Kiyev və Odessa olduğunu bildirərək, obyektləri dekorativ işıqları və reklam lövhələrini söndürməyə çağırdı.
Şiddətli soyuq hava isə humanitar təsirləri daha da artırıb. Böhran o qədər dərinləşib ki, hakimiyyət orqanları bəzi binaların tamamilə təxliyəsini nəzərdən keçirir. Kiyev Şəhər Şurasının üzvü Marina Poroşenko, infrastrukturun ciddi şəkildə zədələndiyi və enerji təchizatının olduqca çətin olduğu, kritik vəziyyətdəki bir sıra yaşayış binaları üçün sakinlərin təxliyəsi prosesinin başlaya biləcəyini açıqlayıb. Bu açıqlama, hücumların yalnız müvəqqəti deyil, həm də aradan qaldırılması çox çətin problemlərə səbəb olduğunu və minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qala biləcəyini göstərir.
Kiyev meri Kliçko isə bir çox evin elektrik enerjisi və istiliksiz qaldığını bildirib və imkanı olan sakinləri şəhəri tərk etməyə çağırıb.
Kliçko şəhərdəki məktəblərin 19 yanvar - 1 fevral tarixlərində bağlı olacağını açıqlayıb. Kliçko Kiyevin ehtiyac duyduğu elektrik enerjisinin yalnız yarısını aldığını bildirib. O qeyd edib ki, şiddətli soyuğa baxmayaraq, şəhər tarixində ilk dəfə olaraq bu miqyasda istilik və elektrik çatışmazlığı ilə üzləşdiyini deyən mer, 3,6 milyon əhalisi olan Kiyevin gündəlik təxminən 1700 meqavat elektrik enerjisinə ehtiyacı olduğunu bildirib.
Energetika naziri Şmıqalın "zərər çəkməmiş elektrik stansiyası qalmayıb" açıqlaması, Ukraynanın demək olar ki, bütün elektrik istehsalı və ötürmə gücünün hədəfə alındığının rəsmi etirafıdır. Hadisələr, müharibənin mülki infrastrukturu hədəf alan sistematik zəiflətmə strategiyasına çevrildiyini və ortada qalan milyonlarla mülki şəxsin sağ qalmasını getdikcə imkansız vəziyyətə gətirdiyini göstərir. Qışın ən sərt günlərində istilik, su və elektrik enerjisindən məhrum olan əhali üçün vəziyyət təcili humanitar böhran həddinə çatıb.
Tahir TAĞIYEV