İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) dekabrın sonlarında Tehranda iqtisadi problemlər səbəbindən başlayan və ölkə daxilində yayılan etirazlarda ölən və yaralananlarla bağlı yeni məlumatlar paylaşıb.
HRANA-nın məlumatına görə, ölkənin bir çox yerində baş verən hadisələrdə 3090 nəfər həyatını itirib, 2055 nəfər yaralanıb. Nümayişlər zamanı 22123 nəfər saxlanılıb.
İran hakimiyyəti nümayişlərdə ölən və ya yaralananların ümumi sayı ilə bağlı hələlik açıqlama yaymayıb.
Bu arada, ölkədə etirazlar səngidikcə internetə tətbiq edilən məhdudiyyətlərin də tədricən aradan qaldırılmasına başlanıb. Qeyd edilir ki, təhlükəsizlik şəraitindən asılı olaraq rabitə xidmətlərinin mərhələli şəkildə yenidən aktivləşdirilməsini nəzərdə tutan planın bir hissəsi olaraq, birinci mərhələdə qısa mesaj xidmətləri (SMS) yenidən aktivləşdirilib. Bildirilib ki, ikinci mərhələdə milli internet şəbəkəsinə və daxili mesajlaşma tətbiqlərinə tam giriş təmin ediləcək, üçüncü mərhələdə isə beynəlxalq internet çıxışı yenidən aktivləşdiriləcək.
Tahir TAĞIYEV