Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi ilə beynəlxalq hüquq qaydalarına hörmətsizlik etməsindən narahatdır. BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini müzakirə etmək üçün çağırılan BMT Təhlükəsizlik Şurasının təcili iclasında Baş katib Antonio Quterreşin adından çıxış edərək, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi ilə bağlı "... beynəlxalq hüquq qaydalarına hörmətsizlikdən dərin narahatam"- deyib.
Di Karlo qeyd edib ki, BMT Nizamnaməsi hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq etmək təhdidini də qadağan edir və beynəlxalq sülhün və təhlükəsizliyin qorunması bütün üzv dövlətlərin onu dəstəkləmək öhdəliyindən asılıdır.
Di Karlo prinsiplərə riayət etməyin vacibliyini vurğulayaraq deyib: "Qanunun aliliyi üstünlük təşkil etməlidir. Beynəlxalq hüquqda narkotik qaçaqmalçılığı, resurslarla bağlı mübahisələr və insan hüquqları ilə bağlı narahatlıqlar kimi məsələləri həll etmək üçün vasitələr var. Bu, bizim getməli olduğumuz yoldur".
SAMİRƏ