ABŞ ordusu Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və Tehranın dəstəklədiyi qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib.
“BBC” yazır ki, hücum yerli vaxtla saat 04:30-da, İraq sərhədinə yaxın Əbu Kamal şəhəri yaxınlığında, F-16 döyüş təyyarələri və digər döyüş texnikasından istifadə edilməklə həyata keçirilib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin hava zərbələrinin İranın dəstəklədiyi silahlı qruplar tərəfindən İraq və Suriyada ABŞ personalına qarşı 17 oktyabrda başlayan və əsasən uğursuz hücumlara cavab olduğunu deyib.
Açıqlamada hava hücumunun İsraillə koordinasiyalı şəkildə həyata keçirilmədiyi, İran SEPAH-nın silah və sursat anbarlarının məhv edildiyi qeyd edilib.
ABŞ Müdafiə Departamenti iki hədəfin Baydenin göstərişi ilə vurulduğunu açıqlayıb.
Hücum zamanı iranlıların həlak olub-olmaması ilə bağlı açıqlama verilmir.
Qeyd edək ki, İsrail və HƏMAS arasında gərginliyin artdığı bir vaxtda ABŞ və koalisiya qüvvələri son bir həftə ərzində İraq və Suriyada İranın dəstəklədiyi qüvvələr tərəfindən ən azı 19 dəfə hücuma məruz qalıb.
TAHİR