Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib. Bu barədə, Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.
O, buna səbəb kimi İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatı göstərib.
"Həyatımda bir dəfə Netanyahu adlı bu adamın əlini sıxdım. Təbii ki, bizim xoş niyyətimiz vardı, bundan sui-istifadə etdilər. İsrailə getmək üçün layihəmiz var idi, onu ləğv etdik. Bizim xoş niyyətimizdən sui-istifadə etdilər" - Prezident Ərdoğan deyib.
İsraillə vəziyyətin nizamlanması məsələsində Ankaranın Fələstin üçün qarant-ölkə kimi çıxış etməyə hazır olduğunu deyən Türkiyə Prezidenti böhranın nizamlanması üçün beynəlxalq konfransın çağırılmasını da təklif edib.
“Biz vəziyyətin nizamlanması məsələsində Fələstinin qarantı kimi çıxış etməyə hazırıq. Eyni zamanda, Fələstinlə İsrail arasında vəziyyətin nizamlanması üçün bütün nüfuzlu aktorların iştirakı ilə beynəlxalq konfransın çağırılmasını təklif edirik”, - deyə Ərdoğan bildirib.
O, vurğulayıb ki, Türkiyə bölgədə dayanıqlı sülhün yolunu açmaq məsuliyyətindən imtina etməyəcək və təklif olunan variant problemin real həlli üçün ən səmərəli üsuldur.
Türkiyə Prezidenti əlavə edib ki, münaqişənin həllinin yeganə formulu paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması faktının dünya ictimaiyyəti tərəfindən qəbul olunmasıdır.
TAHİR