İsrail hərbçiləri Livanın “Hizbullah” qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyatların aparılacağı təqdirdə onu dəstəkləyən İrana da zərbələr endirəcəklər. Bunu İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat deyib.
“Əgər görsək ki, onlar “Hizbullah”dan istifadə edərək İsrailə hücum etmək niyyətindədirlər, onda bu ilanın – İranın başına vuracağıq”, - deyə nazir bildirib.
O əmin edib ki, “Hizbullah”la müharibə olarsa, İsrail bu qruplaşmanı yer üzündən siləcək.
Baş nazir Benyamin Netanyahu deyib ki, "Hizbullah” qruplaşmasının İsrailə qarşı genişmiqyaslı müharibəyə başlamaq niyyətində olub-olmadığı hələ məlum deyil.
“Hizbullah”ın müharibəyə qoşulub-qoşulmayacağını deyə bilmərəm. “Hizbullah”a qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə İsrail Livana son dərəcə güclü zərbələr endirəcək”, - deyə o, xüsusi təyinatlı döyüşçülərə müraciətində bildirib.
Hazırda İsrail ordusu Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlar aparır. Eyni zamanda, İsrail Müdafiə Ordusu ilə “Hizbullah” döyüşçüləri arasında vaxtaşırı atışmalar olur.
TAHİR