Rusiya Xarici İşlər Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq və Hələb hava limanlarına endirdiyi zərbələri Suriyanın suverenliyinin kobud şəkildə pozulması adlandırıb və bu cür hərəkətlərin regionda silahlı eskalasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Rusiya XİN-in bəyanatında bununla bağlı deyilir: “İsrail tərəfinin bu hərəkətləri Suriya Ərəb Respublikasının suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasıdır. Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə gərginləşməsi kontekstində bu cür zorakı hərəkətlər son dərəcə təhlükəli nəticələrlə doludur”.
Görünən odur ki, artıq İsrail Suriyadakı hədəfləri vurur. O baxımdan bunun Rusiya-İsrail münasibətlərinə nə kimi təsirləri ola bilər?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrət hesab edir ki, İsrail leqal hərbi hədəflərə zərbələr endirir: “Təəssüflər olsun ki, bu, hərbi hədəflər sadəcə İsrailin yaxınlığındakı Qəzzada deyil. Həm də başqa ölkələrdədir. Onların bəziləri Livandadır, bəziləri də Suriyadadır. Üstəlik, həmin leqal hədəfləri İran dövləti açıq şəkildə gücləndirməklə məşğuldur. Artıq bununla bağlı xəbərlər yayılır ki, İran Suriya üzərindən İsrailə qarşı istifadə edilməsi üçün silahlar daşıyır. Əlbəttə ki, belə olan təqdirdə İsrail dövləti öz maraqlarını qorumaq məcburiyyətindədir. Özünə qarşı hədələri zərərsizləşdirmək artıq qaçılmaz bir reallıqdır. O baxımdan Rusiyanın durub bəyanat verməsi bir daha onu təsdiq edir ki, hazırkı İsrail-Fələstin gərginləşməsinin səbəbkarı olan HƏMAS-ın arxasında Rusiya dövləti durur. Yəni, İran HƏMAS-ı dəstəkləməkdə tək deyil. Onunla birlikdə Rusiya, hətta bəzi mənbələr Çinin də onlarla birlikdə hərəkət etdiyini düşünür. Soruşula bilər ki, Çinin bunda marağı nədir? Məsələ ondadır ki, dünyadakı yəhudilər Çinin zülmü altında olan uyğurlara açıq şəkildə dəstək verirlər. Bu da Çinin xoşuna gəlmir. Ona görə də İsrailə açıq yox, gizli formada zərbə vurmağa çalışır. Belə bir üçlü faktiki olaraq İsrail dövlətinə qarşı HƏMAS terrorunun arxasındadır. Təbii ki, İsrail buna qarşı, o cümlədən bunun arxasında duranlara qarşı sərt addımlar atır. Bu addımlar da eyni zamanda Rusiyanı narahat edir. Bütün hallarda istənilən yerdə terrora qarşı aparılan mübarizə dəstəklənməlidir. İnsan haqları və digər məsələlər terrorla həll edilmir. Biz təəssüflənirik ki, hər iki tərəfdən günahsız insanlar həlak olur. Ancaq terroru törədənlər də düşünməli idilər ki, bunun qarşılığı veriləcək və bu zaman dinc insanlar zərər görəcək. Rusiya burada doğru davranan tərəf deyil. Ancaq düşünmürəm ki, Suriyada hədəflərin vurulması Moskva-Təl-Əviv münasibətlərini kəskinləşdirəcək. Çünki zaman-zaman İsrail həmin ölkədə bəzi hava əməliyyatları keçirib. Rusiya hava hücumundan müdafiə vasitələri buna müdaxilə etməyib. Nəzərə almaq lazımdır ki, Rusiyanın Suriyada hərbi bazaları var”.
Vidadi ORDAHALLI