“Düşünürəm ki, təsdiqlənmiş ixtisaslar sırasında dəqiq, fundamental, təbiət elmlərinin üstünlük təşkil etməsi doğrudur”
Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsi dövlətin əsas hədəflərindən biridir. Məlum olduğu kimi, gənclər müxtəlif ali təhsil pillələri üzrə dövlət xəttilə dünyanın ayrı-ayrı ali məktəblərində təhsillərini davam etdirirlər. Xaricdə doktorantura təhsili üçün artıq yeni ixtisaslar müəyyənləşib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib. Bunlar riyaziyyat, mexanika, astronomiya, fizika, kimya, biologiya elmləri, yer elmləri, coğrafiya, aqrar elmlər, tibb elmləri, əczaçılıq elmləri, səhiyyənin idarə edilməsi, texnika elmləri, iqtisad elmləri, pedaqogika, psixologiya, tarix, sosiologiya və hüquq elmləridir. Sözügedən istiqamətdə filologiya, linqvistika üzrə doktorantların yetişdirilməsi məsələsi müəyyən edilmiş istiqamətlər arasında yoxdur.
“... o özünə xaricdə elmi rəhbər tapa bilməyəcək”
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, xaricdə doktorantura pilləsində təhsil almaq arzusunda olan gənclərlə bağlı təsdiq olunmuş müvafiq siyahıya məlum ixtisasların daxil edilməsi günün reallıqları ilə bağlıdır. Bu sənəddə humanitar sahə ilə bağlı bənd var, amma sahələr göstərilməyib. Məsələ bundan ibarətdir ki, bu gün dünyanın aparıcı elmi istiqamətləri var. Bizim üçün də prioritet olan təbiət elmləri, riyaziyyat və fundamental elmlərdir. Ona görə də müəyyən edilən ixtisaslardan bu istiqamətlərə daha çox yer verilib. Doktorantura təhsilin elə bir pilləsidir ki, bu artıq akademik pillə sayılır və burada bakalavr və magistr pilləsindən fərqli olaraq, hansısa ölkəni seçən iddiaçı mütləq həmin ölkənin elmi mərkəzində, ali məktəbində özünə ikinci elmi rəhbər seçməlidir. Həmin rəhbər onu ora dəvət etməlidir. Gəlin bir müqayisə aparaq, tutalım, Azərbaycan tarixi üzrə kimsə elmi iş götürüb müdafiə etmək istəyir. Bu kimi ixtisaslar, əslində, daha çox daxili tələbatla bağlıdır. Bu baxımdan da bu sahədə elmi iş götürən gənclərin xaricdə özünə elmi rəhbər tapması xeyli çətinliklər törədir. Eləcə də Azərbaycan ədəbiyyatı, dilçiliyi ilə bağlı məsələlərdə də belədir. Elə o səbəbdəndir ki, bu kimi proqramlarda humanitar sahələrə az önəm verilir (təbii ki, bu gənclər dövlət hesabına xaricdə təhsil alacaqlar - İ.O). Bu kimi sahələrin inkişaf etdirilməsi, bu sahələrdə kadrların hazırlanması, əslində, dövlətin öz marağında olmalıdır. Humanitar sahələr daxili auditoriyaya hesablanmış, ona ünvanlanmış və kadr hazırlığını daxildə həyata keçirməyə yönəlmiş ixtisaslardır. Ona görə də düşünürəm ki, təsdiqlənmiş ixtisaslar sırasında dəqiq, fundamental, təbiət elmlərinin üstünlük təşkil etməsi doğrudur. Tutalım, kimsə Cəlil Məmmədquluzadə irsi ilə bağlı tədqiqat aparırsa, o özünə xaricdə elmi rəhbər tapa bilməyəcək, heç xariciləri bu mövzu maraqlandırmır da. Milli-ideoloji, humanitar və ictimai elmlər üzrə bəzi istiqamətlərdə kadr hazırlığı məsələsinin Azərbaycanda həyata keçirilməsi daha məqsədəuyğundur, bu sahələr üzrə doktorantların xaricdə hazırlanması elə də mümkün deyil”.
Humanitar sahənin genişmiqysalı olduğunu deyən İ.Orucov hesab edir ki, burada müxtəlif sahələr üzrə mütəxəssislər tədqiqatlar aparırlar. O qeyd etdi ki, humanitar sahəyə aid olan bəzi istiqamətlər beynəlxalq əhəmiyyətli mövzuları əhatə etdiyi üçün, o sahələr üzrə xaricdə doktorantlar hazırlana bilər. “Məsələn, türkologiya sahəsi üzrə hazırlamaq tam mümkündür. Bu gün Avropanın müxtəlif elmi mərkəzlərində türkoloq alimlər var, onlar bu sahə ilə əhatəli məşğul olurlar. Şərqşünaslıq sahəsi də həmçinin. Bu sahədə xaricdə elmi rəhbər tapmaq mümkündür” - deyə İ.Orucov vurğuladı.
İradə SARIYEVA