Azad Şuşanın müasir tarixində çox ciddi mədəni proseslərin şahidi oluruq. Düşmən tərəfindən dağıdılan şəhər təpədən-dırnağa yenidən qurulur və bütün qədim binalar bərpa edilir. Şuşanın tarixi siması özünə qaytarılır və bu şəhərin yerli sakinlərinin, məşhur şəxslərin evləri, malikənələri əsaslı şəkildə bərpa edilir. Şuşada tariximiz yenidən doğulur, yenidən cana-qana gəlir...
Məlumdur ki, Şuşanın bərpası prosesinə Heydər Əliyev Fondu çox böyük töhfələr verir, tarixi abidələrin, tarixi şəxsiyyətlərinin malikənələrinin bərpasında əhəmiyyətli rol oynayır.
Heydər Əliyev Fondunun Qarabağın dirçəlişi üçün gərgin fəaliyyəti, Şuşada Mehmandarovların malikanə kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpası müasir tariximizdə çox böyük hadisədir ki, bizlər ona şahidlik edirik.
Qeyd edək ki, mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış olublar. Bildirilib ki, malikanə kompleksində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam edir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda digər bərpa işləri aparılır.
Şuşanın tarixi binalarından olan Mehmandarovların evi Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnir. Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirib. Şuşa işğal edildikdən sonra məscid də işğalçılar tərəfindən Geologiya Muzeyi kimi istifadə edilib. 2020-ci ildən bugünə qədər Şuşa işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.
“Qarabağa aparan yol” qəzetinin baş redaktoru Əli Mahmud bizimlə söhbətində Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikənəsinin bərpa edilməsini çox yüksək qiymətləndirdiyini bildirdi: “Şuşanın çox maraqlı memarlıq quruluşuna malik olan tarixi binalarından biri Mehmandarovların mülküdür. Bu bina indiyə qədər gözlərimin qarşısındadır. Uzun illər erməni əsarətində qaldıqdan sonra azadlığa çıxan Mehmandarovların malikənəsi bu gün Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilir. Mehmandarovların malikanə kompleksinin bərpa edilməsi bir Şuşa sakini kimi məni çox sevindirir. Şuşada Mehmandarovların malikanə kompleksinin bərpa edilməsi Heydər Əliyev Fondunun tariximizə, tarixi şəxsiyyətlərimizə, tarixi irsimizə və tarixdə iz qoyan şəcərələrimizə verdiyi qiymətin nümunəsidir. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Şuşada tarixi mədəniyyətimizin bərpası, dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür. Təbii ki, istənilən şəhər öz tarixi siması ilə gözəldir, bu gün Şuşanın tarixi simasının özünə qaytarılması prosesi gedir. Mehmandarovların malikanəsinin bərpası Fondun bizim tarixi irsimizə verdiyi dəyərin örnəklərindən biridir”.
Ə.Mahmud hesab edir ki, Fondun gördüyü bu işlər tariximizə xidmətdir və bu xidmət dəyərlidir.
İradə SARIYEVA