Bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər gedə bilməyəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev media nümayəndələrinə açıqlamasında bildirib.
O əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq, bu il xarici ölkə vətəndaşları Azərbaycandan Həcc ziyarətinə gedə bilməyəcək: "Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq. Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək”.
Qeyd edək ki, bu qərar yaşlı nəslin nümayəndələrinin narazılığına səbəb olub.
“İslam dininə görə, Həcc ziyarətinə getmək üçün yaş məhdudiyyəti yoxdur”
Tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, həcc ziyarəti müsəlmalara vacib buyurulan əməllərdən biridir: “İbadətə ancaq imkanı olan şəxslər gedir. Ibadətə gedən şəxslər bir sıra şərtlərə əməl etməlidir. Ilk öncə sağlıq durumu normal olmalı və maddi imkanı ziyarətə getməyə uyğun olmalıdır. Bununla bağlı mütamadi olaraq maarifləndirmə işi aparılmalıdır. Əhali bilməlidir ki, borc götürərək və ya yaxınlığında ehtiyac olan şəxsin həcc getməsi düzgün deyil. Həmçinin, sağlığında problem olan şəxs də ibadətə gedə bilməz”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, İslam dininə görə, Həcc ziyarətinə getmək üçün yaş məhdudiyyəti yoxdur: “Nəzərə almaq lazımdır ki, koronavirus infeksiyası hələ tam bitməyib. Yaşlı nəsil arasında virusa yoluxma üstünlük təşkil edir. Bu səbəbdən də 65 yaşdan yuxarı şəxslərin ziyarətə getməsini qadağan etmək normaldır.
Onu da deyim ki, əvvəllər ziyarətgahlarda yaşlı nəslin nümayəndələri aldadılırdılar. Belə ki, müəyyən şəxslər yaşlı şəxsə deyirdi ki, “sən qocasan Kəbənin ətrafına fırlana bilməzsən, 50 dollar ver sənin yerini mən ziyarət edim”. Bu qərarla bu kimi dələduzluqlarında qarşısı alınacaq”.
Günel CƏLİLOVA