“Qarasu” əməliyyat şirkətinin bir qrup əməkdaşı ixtisara salınıb. Ixtisar olunan işçilər qeyd edir ki, şirkət satılandan bəri yerli mütəxəssislər işdən çıxarılır, maaş azaldılır, işçilər arasında ayrıseçkiliyə yol verilir.
İşçilər şirkətdə başlarına gələnlərlə bağlı “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd edir: “Şirkətə Vladimir Oleqoviç Davlyarov rəhbər təyin ediləndən sonra yerli mütəxəssislərin qara günləri başlayıb. 2017-ci ildən indiyədək mərhələlərlə 200-ə yaxın şəxs işdən çıxarılıb. Onlardan bəziləri məhkəməyə müraciət edib, hələ də məhkəmə prosesləri davam edir. Bir müddət əvvəl şirkətdə çalışan Qarabağ müharibəsinin veteranları və sıravi işçilər tərəfindən Davlyarovla bağlı SOCAR rəhbərliyinə də şikayət edilib. Amma həmin şikayətin araşdırılması üçün məktublar elə Davlyarovun özünə göndərilib.
Pandemiyanın ağır vaxtında 20-30 il təcrübəsi olan və şirkət yaranandan daim yaxşı işinə görə irəli çəkilən 8 ali təhsilli mütəxəssisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad ediblər. Ali təhsilli işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilirsə, bu, o işçinin karyerasının bitməsi deməkdir. Bir-iki nəfərin günahı ucbatında digərləri də qurban getdi”.
“Qarasu” əməliyyat şirkətində çalışanlar hansısa mövzu ilə bağlı söz demək istəsə, narazılıq etsə həmin şəxsi işdən çıxarırlar”
İşçilər iddia edirlər ki, şirkətin maddi-texniki bazası bərbad hala salınıb. Texnikaların və avtomobillərin 90 faiz qəzalı vəziyyətdədir. Ona görə də son aylarda bir-birinin ardınca 3 ədəd irihəcmli xüsusi texnika və qaldırıcı hərəkətdə olarkən yanaraq yararsız vəziyyətə düşüb. Ehtiyat hissəsi almağa pul yoxdur bəhanəsi ilə işçilərin həyatını təhlükəyə ataraq, istismar vaxtı keçmiş, qəzalı vəziyyətdə olan avtomobillərə doldurub dağ relyefi olan Mişovdağ sahəsinə göndərirlər.
Məsələ ilə bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirdi ki, Əmək Məcəlləsinin 309-cu maddəsində qeyd olunur ki, idarə və müəssisələrdə ictimai nəzarəti həmkarlar təşkilatı etməlidir: “Əmək Məcəlləsinin 15-ci maddəsində də yazılır ki, idarə və müəssisələrdə dövlət nəzarətini Əmək Müfəttişliyi həyata keçirməlidir. Ancaq qanunvericilikdə qeyd olunanlara heç bir qurum məhəl qoymur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, “Qarasu” əməliyyat şirkətində çalışanlar hansısa mövzu ilə bağlı söz demək istəsə, narazılıq etsə həmin şəxsi işdən çıxardırlar. İşsiz qalmamaq üçün rəhbərin qanunsuzluğuna göz yumur. Onu da deyim ki, işçilərin əksəriyyəti ilə müvəqqəti əmək müqaviləsi bağlanılıb. Bu isə qanunaziddir.
Günel CƏLİLOVA