Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.
Nəzərə çatdırılıb ki, bugünədək məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Vətən müharibəsində qazanılan qələbədən sonra yeni reallıqlar yaranıb. Bundan sonra məcburi köçkünlər üçün mənzillər işğaldan azad edilmiş ərazilərdə inşa ediləcək, onların mərhələli şəkildə doğma yurda qayıdışı həyata keçiriləcək. Hazırda Zəngilan, Füzuli, Ağdam rayonlarında, həmçinin Şuşa şəhərində yeni yaşayış sahələrinin inşası davam etdirilir, müvafiq infrastruktur yaradılır.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların əksəriyyətini məcburi köçkünlər təşkil edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.