Minlərlə sakinin yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin sakinləri su və yol problemləri ilə bağlı şikayətçidirlər. Sakinlər qeyd edir ki, gölməçələr sakinlərin həyatını iflic edib. Artıq bir ildən çoxdur ki, qəsəbə boyu axan su böyük gölməçələr yaradıb, evləri, həyətləri su basıb.
Sözügedən qəsəbədə normal hərəkət etmək üçün mütləq qaydada rezin çəkmələrdən istifadə edilməlidir. Sakinlərin dediyinə görə, qəsəbə yaxınlığından keçən su xətlərindən olan sızıntılar səbəbindən belə vəziyyət yaranıb: “Hətta su bir sıra sakinlərin evinə belə dolub. Evlərinə su dolan sakinlər suyu nasosla çəkir”.
Şikayətçilət qeyd edir ki, problemlə əlaqədar müvafiq qurumlara müraciət etsələr də, əhəmiyyət verən yoxdur.
“Kommunal təsərrüfatların seçkili qurum olan bələdiyyələrə həvalə olunması məqsədəuyğundur”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, hər bir icra hakimiyyəti borcludur ki, tabeliyindəki qəsəbənin, kəndin sosial problemlərini həll etsin. İcra qurumu bunu həll edə bilmirsə, o zaman müvafiq qurumlar qarşısında məsələni qaldırmalıdır: “Nəzərə almaq lazımdır ki, “Yerli icra hakimiyyətləri” haqqında əsasnaməyə görə, qurum ərazidə olan avtomobil yollarının təmirinə, yaşıllaşdırmaya, təmizlik və işıqlandırmaya, eyni zamanda, qəsəbədəki küçələrin ünvanlanması məsələsinə cavabdehlik daşıyır. Qurum borcludur ki, infrastrukturun qurulmasında birbaşa iştirak etsin. Hər il su və kanalizasiya sistemlərinin qurulması ilə bağlı milyonlarla vəsait ayrılır. Ancaq görünən odur ki, bu sahədə ciddi korrupsiya halları var. Kommunal təsərrüfatların seçkili qurum olan bələdiyyələrə həvalə olunması məqsədəuyğundur”.
Günel CƏLİLOVA