Azərbaycanda məzarlara baxım xidməti fəaliyyətə başlayıb. Qeyd edək ki, ölkədə ilk olan bu xidmət özəl sektora aiddir.
Öz yaxınlarının məzarlarını ziyarət edə, təmizləyə bilməyənlər üçün artıq elan saytlarında ödəniş qarşılığında özəl şirkətlər tərəfindən məzarlara baxım xidməti təklif edilir. Şirkət tərəfindən məzarların təmizliyi və ətrafına çiçək əkimi də həyata keçirilir. Bu işin qiyməti isə 30 - 400 manat arasında dəyişir. Belə ki, məzarlıqlara baxım xidmətləri aylıq və illik paket formasında insanlara təklif edilir. Aylıq paketlərin qiyməti 30-40 manat, illik paketlərin qiymətləri isə 300-400 manat təşkil edir. Onu da qeyd edək ki, qanunvericiliyə əsasən, qəbiristanlıqların baxımı və idarəçiliyi yerli bələdiyyələrin tabeliyindədir. Belə olan halda özəl şirkətlərin məzar yerlərini biznesə çevirməsi nə dərəcədə düzgündür?
“Qanunla qəbirstanlıqlar bələdiyyə tərkibindədir və burada olan hər hansı fəaliyyət yalnız onlara aiddir”
Dinşünas Cəmşid Əliyev qeyd etdi ki, qanunla qəbiristanlıqlar bələdiyyə tərkibindədir və burada olan hər hansı fəaliyyət yalnız onlara aiddir: “Fərdi təşkilatlar ilk olaraq bələdiyyələrdən razılıq almalı, onlarla müqavilə bağlamalıdırlar. Həmçinin, bu xidməti təklif edən müəssisə müvafiq olaraq, vergi və ödənişlərini etməlidir. Belə olarsa hər hansı bir problem olmaz. Qanun çərçivəsində şirkət öz fəaliyyətini göstərə bilər və qadağan olunmayan məsələləri təmin edə bilər. Ümumiyyətlə, qəbirstanlıqlarda müntəzəm təmizlik işləri aparılmalı və məzarlar səliqə-sahmana salınmalıdır, ancaq bu işi özəl şirkətlər deyil, bələdiyyələr həyata keçirməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, özəl şirkətlərin çoxu maddi maraqlarına görə, ödənişlərin səviyyəsindən asılı olaraq, qəbir daşlarını müxtəlif formada bəzəyəcək. Bu isə qeyri-bərabərliyə səbəb ola bilər: “Məlumdur ki, ölkəmizdə kimsəsizlər məzarı var. Hər kəsin maddi imkanı eyni deyil. Əslində mənəvi-əxlaqi cəhətdən götürsək, bu düzgün deyil. Qəbir daşları vahid format əsasında düzəlməlidir. Ona görə də bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Ehtiyacı olan insanlara xidmət göstərmək üçün onların imkanları artırılmalıdır”.
Günel CƏLİLOVA