Məlum olduğu kimi, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qeyd edək ki, bu il birinci siniflərə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Ancaq bu qaydadan narazı qalan valideynlər var.
Övladını birinci sinfə yazdırmağa çalışan valideynlərin sözlərinə görə, sistem açılar-açılmaz, məktəblərdə yerlərin dolduğu müşahidə edilib. Prosesin bu qədər sürətli keçməsi sistemə kənar müdaxilələrin olması barədə şübhələr yaradıb. İddia olunur ki, sistemə kənar müdaxilələrin olmasının səbəbi məktəblərdə yerlərin pulla satılmasıdır. Bu səbəbdən də valideynlər övladını istədikləri, evlərinə yaxın məsafədə olan tədris müəssisin yazdırmaqda çətinlik çəkir.
“Qəbulun belə sürətli şəkildə olması şübhələrə əsas yaradır, ola bilməz ki, ölkədə valideynlər prosesə bu qədər sürətli qoşulsun”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, birinci sinfə qəbulun elektron qaydada həyata keçirilməsinə 2016-cı ildən başlanıb: “Lakin son illərdə məktəblərdə yerlərin tez dolması ilə bağlı valideynlərin narazılığı müşahidə edilir. Biz son illərdə məktəblərdə birinci siniflərin qəbulu üçün çıxarılan yerlərin qısa müddətdə dolması problemi ilə qarşılaşırıq. Elə bir vəziyyət yaranıb ki, valideynlər bu iş üçün, az qala, proqramçı tutacaqlar. Hesab edirəm ki, proses bu qədər çətin olmamalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, prosesin əvvəlində saytda texniki problem var idi: “Bu vaxt ərzində 160 minə yaxın uşağın qeydiyyatdan keçməsi gözlənilirdi, ona görə kifayət qədər valideyn müraciət etdiyi üçün qısa müddətdən sonra saytda donmalar müşahidə edilirdi. Bir qədər gecikmələrdən sonra təkcə Bakıda yox, Sumqayıtda və bölgələrdə bir neçə məktəbin dolduğunu müşahidə etdik. Düzdür, bunların bəziləri məktəbəqədər hazırlıq qruplarından gələn uşaqlardır. Lakin sinfi doldurmaq üçün onların sayı da yetəri qədər deyil. Prosesin belə sürətli şəkildə olmasının şübhələrə əsas yaradır. Ola bilməz ki, ölkədə valideynlər prosesə bu qədər sürətli qoşulsunlar. Bu, ciddi bir məsələdir. Hesab edirəm ki, kənar müdaxilə faktoru qaçılmazdır. Bəzən biz görürük ki, yerlər dolur, lakin sonradan həmin yerlərin boşaldığını müşahidə edirik”.
K.Əsədovun sözlərinə görə, prosesin elektron olması şəffaflıqdan xəbər versə də, hər kəs üçün əlçatan deyil: “Hər kəs istəyir ki, övladı yaxınlıqdakı məktəbdə təhsil alsın. Lakin hansısa valideyn işdədirsə və ya interneti zəifdirsə, təbii ki, onun uşağı prosesdən kənarda qalacaq, müraciət etdiyində məktəbdə yerlərin dolduğu bildiriləcək. Kimin internetinin sürəti güclüdürsə, kiminsə dostu-tanışı kompüterdə yaxşı işləyə bilirsə, onlar qısa müddətdə yer tuta bilirlər. Hesab edirəm ki, bu, ədalətli və düzgün yanaşma deyil”.
Günel CƏLİLOVA