Son illər telekanallarda və sosial şəbəkələrdə “xeyriyyə” kampaniyaları geniş vüsət alıb. Bildiyimiz kimi, müxtəlif xəstəliklərdən əziyyət bir çox xəstələr kömək üçün müvafiq verilişlərə müraciət edirlər. Hətta deyərdik ki, müraciət edənlərin sayı günü-gündən artır. Çox zaman bu vəsaitin xəstələrə yönəldilib-yönəldilmədiyi məsələsi daha çox müzakirə olunur.
Ekspertlər, müşahidəçilər bəzi televiziya proqramlarında müxtəlif xəstəliyi olan şəxslərin, o cümlədən azyaşlı uşaqların müalicəsi ilə əlaqədar olaraq pul vəsaitləri toplanması kampaniyasını və burada toplanan milyonlarla manat vəsaitin taleyindən danışırlar. Qeyd edildiyi kimi, eyni zamanda bu kampaniyalar sosial şəbəkələr vasitəsilə də aparılır və üçüncü şəxslərin xeyrinə ianə toplanılır. Həm mediada, həm də sosial şəbəkə istifadəçiləri arasında bu pulun xəstə şəxslərə yönəldiyi barədə şübhələr var. İddialara görə, çox zaman bu pul xəstələrə catmır. Əgər iddialar doğrudursa, onda TV-lərin və sosial şəbəkələrin “ianə” adı ilə yiğdığı pullar hara gedir? Necə ola bilər ki, bu məsələdən kimlərsə öz şəxsi mənfəəti naminə istifadə etsin? Bu mümkündürmü?
“Milyonlarla vəsaiti toplayıb mənimsəyirlər”
İqtisadçı ekspert Akif Nəsirli ilk növbədə qeyd etdi ki, sosial şəbəkələr və televiziyalar vasitəsilə ianələrin yığılması, xeyriyyəçiliyin təbliği, cəmiyyəti xeyriyyəçiliyə öyrətmək müsbət hal kimi dəyərləndirilə bilər. “Amma məsələ burasındadır ki, bu işdən üçüncü tərəfin bəhrələnməsi, möhtəkirlik edilməsi, saxtalaşdırma aparılması artıq mənəvi məsələdir. Yəni bu o deməkdir, bizim cəmiyyətimiz mənəvi dəyər məsələsində o qədər deqradasiyaya uğrayıb, o qədər aşınıb ki, hər hansısa bir körpənin, qocanın, atanın xəstəliyinin kölgəsi altında pul qazanmaq qədər rəzil bir duruma düşən insanlar peyda olub. Bunun da müxtəlif səbəbləri var. Cəmiyyətin mənəvi baxımdan deqradasiyaya uğraması da insanların maddi vəziyyətinin acınacaqlı olmasından qaynaqlanır. Əhalinin sosial təminata ehtiyacı olan təbəqəsinin layiqincə dövlət tərəfindən qayğı ilə əhatə olunmamasından yaranır. Normalda dövlət hər bir vətəndaşın dövlətidir və vətəndaşın gücü çatmadığı yerdə dövlətin mexanizmi işə düşməlidir, öz vətəndaşına dayaq olmalıdır. Tutaq ki, ağır xəstəlikdən əziyyət çəkən körpələrin müalicə olunması üçün dövlətin xüsusi proqramı olmalıdır. Xüsusi komissiya tərəfindən ağır xəstəlikdən əziyyət çəkən körpə ilə bağlı məsələ araşdırılmalı və onun müalicəsi üçün pul ayırmalıdır. Yəni bu cür xəstələrin müalicəsini təmin etmək adı ilə hansısa qondarma kampaniyalar keçirilməməlidir. Bu cür şəxslərin müalicəsi ilə dövlət məşğul olmalıdır. Ağır xəstələri vətəndaşların ianəsi ümidinə buraxılması mənfi haldır, bu, işbazların, möhtəkirlərin pul qazanmasına şərait yaradır. Dövlət bu işi öz üzərinə götürməli, vətəndaş məmnunluğunu təmin etməlidir.
TV-lərin və sosial şəbəkələrin keçirdiyi bu kampaniyalarda qeyri-şəffaflıq müşahidə edilir və bu səbəbdən də insanlarda şübhə yaranır”.
A.Nəsirlinin sözlərinə görə, son dövrlər bu sahədə müəyyən işlər aparılsa da, çox təəssüf ki, hələ də mexanizm tam şəkildə işə düşməyib. A.Nəsirli hesab edir ki, bir tərəfdən də həqiqi ehtiyacı olan adamlar dövlətdən gərəkən yardımı ala bilmədiklərinə görə televiziya kanallarına müraciət edirlər, sosial şəbəkələr üzərindən müraciətlər etmək məcburiyyətində qalırlar. “Bəziləri həqiqətən də bu yolla müalicə olur, amma bu da möhtəkirlərin diqqətini çəkir. Bu mənada ki, möhtəkirlər vətəndaşın həqiqətən də ianə yolu ilə xeyli pul əldə edib xəstəliyini müalicə etdiyini görür və dərhal hərəkətə keçir, vətəndaşın problemi üzərindən tamaşa qururlar. TV rəhbərlərinin başçılığı və aktyorların iştirakı ilə tamaşa qurub məsələni səhnələşdirirlər. Bununla da milyonlarla vəsaiti toplayıb mənimsəyirlər. Yəni birinci boşluq dövlət strukturlarının mexanizmindədir ki, bu xəstələr naəlac qalıb televiziyalardan, sosial şəbəkələrdən əhaliyə müraciət edir, vətəndaş iaənəsinə ehtiyacı olduğunu deyir. Bundan da bir fürsət kimi istifadə edən möhtəkirlər yararlanır. Bunun qarşısını almağın yeganə yolu dövlətin sayı elə də çox olmayan həmin xəstələri təmin etməsidir. Dövlətimizin buna imkanları da var. Əgər belə olarsa möhtəkirlər də kənara çəkiləcəklər, analoji hallar yaşanmayacaq”-deyə A.Nəsirli vurğuladı.
İradə SARIYEVA