İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.
“Araz Supermarketlər şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlıqlı reklamda əmtəələrin qiyməti, əldəetmə və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Eyni zamanda həmin reklamda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib. Bununla yanaşı reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib.
Qərara əsasən “Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabətə yol verdiyinə görə MMC-yə 2 484,6 min manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, biz elə həmin kampaniyanın gündəmdə olduğu zamanda, məhz “Araz” marketlərdən birinin içərisindən həmin saxtakarlığa etiraz edən reportaj təqdim etmişdik.
Haqsız rəqabətə yol açan bu cür aldadıcı reklamlarla mübarizə baxımından atılan bu addımı necə dəyərləndirmək olar?
İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ qanunla tənzimlənir: “Belə məsələlər Azərbaycan Respublikasının Haqsız rəqabət haqda qanunu ilə tənzimlənir. Ölkəmizdə Rəqabət Məcəlləsi qəbul olunmadığı üçün bu qanunun işlək mexanizmi bir qədər əhatəli deyil. Burada qanunun 9-cu maddəsi əsas götürülür. Məsələ burasındadır ki, bu maddə ilə bağlı cərimə sanksiyası haqsız rəqabət nəticəsində əldə olunan gəlirin 10 faizi məbləğində nəzərdə tutulur. Əgər il ərzində ikinci dəfə təkrar olarsa, 20 faizi civarında olur. İndi görün bu nə qədər böyük məbləğ olub ki, onun 10 faizi 2,5 milyona çatıb. Olduqca ciddi məbləğdən söhbət gedir. Burada bir boşluq da var. Söhbət xalis mənfəətdən getmir. Dövriyədə olan məbləğdən də bu hesablana bilər. Vergilər çıxıldıqdan sonra qalan məbləğdən maliiyə sanksiyası hesablanıb. Əslində bu məbləğ satış dövriyyəsilə deyil, xalis mənfəətə uyğun hesablanmalıdır. İstənilən halda, cərimə məbləğindən asılı olmayaraq, istehlskçıların aldadılması ilə aparılan reklam kampaniyaları ilə mübarizə təqdirəlayiqdir. Çünki bundan həm digər ticarət subyektləri və istehlakçılar əziyyət çəkir”.
Yeni İl ərəfəsində çəkilən videonu təqdim edirik.
Məhəmmədəli QƏRİBLİ