Doğma Azərbaycanımız müstəqillik qazanan gündən Lerik rayonunun əksər dağ kəndlərində olduğu kimi, Siyovda da əhalinin rahatlınğıdan ötrü heç bir iş görülməyib. Əksinə, məmurların özbaşınalığı üzündən bir az da ağır günə düşüblər. Qalaq-qalaq yığılıb qalan problemlər kənddə çox evin qapısını qıfıllayıb. Ağır güzəran üzündən Siyovdan baş götürüb qaçanların sayı bilinmir. Dəhşət! Azərbaycan inkişaf etdikcə ona məxsus Siyov kəndi isə problemlər girdabında can verir. Söz düşəndə siyovlular deyirlər ki, bizim şirin gün-güzəranımız, həyat tərzimiz elə sovetlə getdi. Yerli məmurlar min hiylə işlədib olanları da əlimizdən aldılar. 50-60 il bundan əvvəl tikilmiş yaraşıqlı evlər indi boşdur.
Siyovlular nə qədər zəhmətkeş, öz dövlətinə bağlı olsalar da, doğma ata-baba ocağında adam kimi yaşaya bilmirlər. Onları narahat edən, əziyyətə salan məsələlərin həlinə heç kim kömək göstərmir. El-obada hörmət sahibi olan, dəyərli ağsaqqal Akif Həsənov deyir:- Bizim camaat çörəyini daşdan çıxardandır. Dövlət rəhbərinə də böyük inamları vardır. Qaldı ki, onların bir qədər rahat yaşaması üçün kənddə sosial məsələlərin həllinə fikir verilmir. Demək olar ki, 30 ildir gözdən uzaq, könüldən iraq düşmüşük. Nəticədə bu yaşayış məntəqəsində yaranan problemlər saymaqla qurtaran deyil. İcbari tibbi sığortaya keçən gündən xəstəmizə nə dərman tapa bilirik, nə də həkim. Bankomatın yaranması yaşlı adamları dövlət tərəfindən aldıqları cüzi pensiya pullarına aylarla həsrət qoyur. Siyovun özündə bankomat yoxdur. Təqribən 18 kilometr aralıda yerləşən Piranda bu cihaz quraşdırılıb. Rayonun kəndlərinə ictimai nəqliyyat işləmədiyi üçün bu mütərəqqi üsuldan istifadə edə bilmirik. Son vaxtlar yandırmağa odun tapmaqda çox əziyyət çəkirik. 8 ilə yaxındır ki, Siyov kəndinə “mavi” qazın çəkilişi isə söz olaraq qalır. Qısası, yerli məmurların süni sürətdə yaratdığı problemlərin içində yaşamaq yox, günləri sayırıq...
Rayonun əlaqədar kreslo sahibləri siyovluları narahat edən problemlərdən xəbərləri vardır. Amma onlar camaat qarşısında inamı itiriblər. Uzun illərdir ki, lerikli məmurların gözü özündən başqasını görmür. Əlac qalır ölkə rəhbərinə...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü