Sosial şəbəkələrdə Zabitlər Parkında ağacalrın kütləvi şəkildə qırılması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə kötüyündən kəsilən ağaclar aydın şəkildə görünür. Həmin ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, “təmizləmə” işləri həmin ərazidə kafe-restoran kimi obyektlərin tikilməsi üçün nəzərdə tutulub.
Parkda hər gün istirahət edən şəhər sakinləri isə bildiriblər ki, məhv edilmə halları xüsusilə gecələr baş verir: “Bir necə gündən bir gəlib ağacı gözaltı edirlər. Bu işlər əsasən də hava qaralanda baş verir. Müəyyən vaxt keçdikdən sonra isə və həmin ağacın yerində olmadığının şahidi oluruq. Sonra bəlli olur ki, ağacın quruması üçün onun dibinə xüsusi maddə tökürlər və bitkidə çürümə gedir. Sonrada qurudu adı ilə ağacı kəsirlər. Kim edir, niyə edir bilmirik. Bu cür qanunsuzluğa heç bir nəzarət yoxdur. Ağacların kəsilməsi halı xüsusilə parkın kafe və restoranlar olan tərəfindədir. Ağacların məhv edilməsi bununla bağlıdır”.
“Kəsilən ağacın yerində ağac əkilməli və onun orada qalmasına nəzarət edilməlidir, bəzən formal olaraq…”
Mövzu ilə bağlı fikir bildirən sosioloq Aytəkin Kamranqızı bildirdi ki, illərdir mövcud olan bu problemi həll etmək üçün ortaya kompleks yanaşma qoyulmalıdır: “İndiyə qədər bu problemin köklü həlli ilə bağlı ciddi səy göstərilməyib. Problem ondadır ki, Bakıda, Sumqayıtda və digər şəhərlərdə yaşıllıqların məhv edilməsinin arxasında müəyyən dairələr dayanır. Bunun nəticəsidir ki, hansısa cərimə sanksiyalarından sonra yenə öz bildiklərini edirlər. Çətini ağacları kəsməkdir, ondan sonra qanunsuz tikinti işləri aparmaq elə də çətin deyil. Hansısa məmurlar bunu qabaqcadan, təbii ki, qeyri-rəsmi olaraq sahibkarlarla razılaşdırır. Buna uyğun olaraq da yaşıllıqlar məhv edilir. Cərimə olunsalar da, bir müddət sonra öz işlərini görürlər. Bu mənada, ictimai nəzarət gücləndirilməlidir. Belə hallar baş verəndə dərhal müvafiq qurumlara məlumat verilməlidir. İkincisi, kəsilən ağacın yerində ağac əkilməli və onun orada qalmasına nəzarət edilməlidir. Bəzən formal olaraq kəsilən ağacın yerinə ting əkilir, sonra o ting oradan xəlvətcə götürülür. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi buna nəzarəti artırmalıdır. Qurum yeni bir ağacın əkilməsini dərhal icra etməlidir. Yoxsa yalnız cərimə etməklə problem həllini tapmayacaq”.
Ekspert onu da qeyd etdi ki, ağac kəsilməsinin arxasında dayananlar da cəzalandırılmalıdır.
Günel CƏLİLOVA