Azərbaycanda məmur özbaşnalığından çox danışılır, onların çoxunun qanunsuz əməlləri, vətəndaşlarla normal münasibət qura bilmədikləri ciddi vətəndaş narazılığına səbəb olur. Bir çox məmurların yarıtmaz idarəçiliyi, əhali ilə təmas qura bilməməsi problem olaraq qalır. Başqa sahələrin təmsilçilərindən fərqli olaraq, dövlət məmurları vəzifələrə təyin olunur.
Məsələ bundadır ki, ölkəmizdə müəllimlər, həkimlər az qala hər il attestasiyadan keçirilir.
Bəs dövlətdə əsas vəzifələr tutan məmurlar niyə attestasiyadan keçirilmir ki, onların xalqa, dövlətə layiq olub-olmadığı bilinsin? Nəzərə alsaq ki, məmurların çoxu heç insanlarla rəftar qaydalarını belə bilmirlər, bu halda məmurların attestasiyadan keçirilməsi ideyası aktuallaşır.
“Əlbəttə, söhbət şəffaf attestasiyadan gedir ki, ora heç kəs, heç bir amil müdaxilə edə bilməsin”
“Müasir İnkişaf” Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, müəlllimlərin, həkimlərin attestasiyadan keçirilməsi prosesinin özündə bəzi problemli məqamlar var. Bunun da bu və digər formada həkimləri, müəllimləri narazı saldığını deyən M.Göyüşlünün sözlərinə görə, bu kateqoriyadan olan şəxslər neçə illər oxuyub diplom alırlar, daha sonra isə attestasiya məsələsi ortaya çıxır. “Bu attestasiya elə şəkildə keçirilir ki, onların ali məktəblərdə oxuyub öyrəndikləri, öyrəndikləri əsasında verdikləri imtahanlar, çətinliklə aldıqları diplomlar sanki bu sertifikatın yanında sönük görsənir. Bu imtahanlardan çoxsaylı narazılıqlar var, ora bu digər formada müdaxilələr olur. Nəticədə də bu işə məsul olanların, məmurların ədalətsiz yanaşmaları ortaya çıxır. Bəzən fikirlər səslənir ki, nə qədər ciddi nəzarət olsa da, bu imtahanlarda rüşvət faktoru olur. Məmurların da attestasiyaya cəlb olunması məsələsinə gəlincə, hesab edirəm ki, bu attestasiya “aldığın bilikləri bir neçə ildən sonra yeniləməlisən, Azərbaycanda baş verən yenilklərdən xəbərdar olmalısan” tələbi ilə keçirilirsə, bu attestasiya məmurlara da şamil oluna bilər. Düşünürəm ki, məmurların da attestasiyadan keçirilməsi məsələsi gələcəkdə həyata keçirilsə yaxşı olar. Əlbəttə, söhbət şəffaf attestasiyadan gedir ki, ora heç kəs, heç bir amil müdaxilə edə bilməsin”.
Məmurların vətəndaşlarla rəftarındakı problemlərə gəlincə, M.Göyüşlünün sözlərinə görə, heç də bütün məmurlar belə deyil. “Bütün məmurlarda bu problem yoxdur. Amma ümumi götürdükdə, bəli, sizinlə razıyam ki, bizim ölkədə bir çox məmurların vətəndaşlarla davranşı normal deyil. Baxmayaraq ki, Prezident İlham Əliyev bunu onlara irad bildirib və onların davranışlarını tənqid edib, vətəndaşlarla normal davranmağa, onları incitməməyə çağırıb. Prezident onlara tapşırıb ki, vətəndaşların problemlərini tez bir zamanda həll etməlidirlər. Demək olar ki, bir çox çıxışlarında ölkə başçısı onlara xəbərdarlıq edir. Çox təəssüf ki, məmur davranışının nümunəvi təcəssümünü görə bilmirik” - deyə M.Göyüşlü vurğuladı.
İradə SARIYEVA