“2021-ci ildə 4 053 636 nəfər icbari tibbi sığortadan istifadə edib. Ümumilikdə isə 10 milyon 348 min 289 nəfər icbari sığortaya müraciət edib”. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, 2021-ci ildə 27 özəl tibb müəssisəi ilə müqavilə olub. Z.Əliyev onu da bildirib ki, ən çox müraciət edilən xəstəliklər bunlardır: “Ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, sümük və əzələ sistemi xəstəlikləri, mamalıq və ginekologiya, sinir sitemi xəstəlikləri”.
Burada diqqəti çəkən məqam odur ki, 10 milyon nəfər icbari tibbi sığortaya müraciət etdiyi halda, cəmi 4 milyon nəfər ondan istifadə edib. Maraqlıdır, niyə hamı icbari tibbi sığortadan istifadə edə bilməyib? Bunun səbəbi nədir?
“Problemin digər tərəfi odur ki, xəstələr icbari sığorta ilə bağlı öz hüquqlarını tələb etmir”
Sözügedən məsələyə aydınlıq gətirən Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tanınmış həkim Aydın Əliyev bunun səbəbini mövcud problemlərlə əlaqələndird: “Məsələ ondadır ki, icbari tibbi sığorta ilə bağlı tələblərin yerlərdə, yəni tibb müəssisələrində yerinə yetirilməsində problemlər var. Çünki bu sistem bizim üçün yenidir. Ən əsas problem odur ki, dövlət bununla bağlı qanun qəbul etsə də bir sıra tibb müəssisəlri müxtəlif vasitələrlə buna əməl etməkdən yayınır. Problemin digər tərəfi odur ki, xəstələr icbari sığorta ilə bağlı öz hüquqlarını tələb etmir. Ona görə də 10 milyon nəfər icbari tibbi sığortaya müraciət etdiyi halda, cəmi 4 milyon nəfər ondan istifadə edib. Bax, əsas məsələ bununla bağlıdir. Sadəcə, umurlar ki, hansısa vəzifədə oturan şəxs gəlib onların yerinə problemi həll etsin. Elələri var ki, icbari sığorta ilə bağlı məlumatı, maariflənmə səviyyəsi yox dərəcəsindədir. Çoxumuz hələ sovet təfəkküründən xilas ola bilməmişik. Söhbət ondan gedir ki, insan öz hüququnu tələb etməlidir, dövlətin verdiyi konstitusion hüquqları. Bundan faydalanmaq lazımdır. Problem həm də ondadır ki, cəmiyyətdə tibbi sığortaya bir inamsızlıq var. Deməyim odur ki, müxtəlif amillərin bunda rolu var. Belə götürəndə, sığorta bütün həyatımıza daxil olub. Ancaq həmən sığortanın işləməsi üçün sığorta qanunlarını bilməliyik, onlarla işləməyi bacarmalıyıq. Ordakı hüquq və vəzifələrimizi dərk etdikcə, bunlardan istifadə etməliyik. Yəni ictimai düşüncə, tibbi sığorta və bunların qəbul olunma dərəcələri. Bax problemlər bundadır”.
Bir sözlə, tanınmış həkim hesab edir ki, tibbi sığorta ilə bağlı kompleks yanaşma olmalıdır.
Vidadi ORDAHALLI