Bu ilin əvvəlindən Bakıdan Şuşaya həyata keçirilən səfərlər ölkənin turizm şirkətləri üçün əsl gəlir mənbəyinə çevrilib. Hazırda yerli turoperatorlar vətəndaşlara bir günlük Şuşa turları təklif edir ki, bunun da qiyməti 55-60 manat civarındadır. Halbuki, Bakıdan Şuşaya avtobusla gedib-gəlmək üçün dövlətin müəyyən etdiyi qiymət 21 manatdır.
Füzuli rayonunun Əhmədbəyli qəsəbəsindən isə mədəniyyət paytaxtımıza səfərin qiyməti 14 manatdır. Bununla belə, sosial şəbəkələrdə tez-tez Şuşaya getmək istəyənlərin bilet tapa bilməməsi barədə giley-güzarı yer alır. Bəs turizm şirkətləri bu biletləri necə əldə edib insanlara təklif edirlər? Özü də iki-üç qat baha qiymətə. Bəs Şuşaya səfərləri kimlər bahalaşdırır?
Bəzi ekspertlər hesab edir ki, turizm şirkətlərinin vətəndaşlara təklif etdiyi qiymətə təkcə avtobus bileti daxil deyil. Yüksək qiymət əlavə xidmətə görədir. Həmin qiymətə bələdçilik, fotosessiya, çay süfrəsi də daxildir. Buna görə də turun qiyməti bir az baha ola bilər. Kassadan aldığımız avtobus bileti ilə turizm şirkətinin qoyduğu qiymət arasında fərq buna görədir.
Bununla belə, bəzi işbazların biletləri hansısa yollarla ucuz alıb baha sata bildiyi hallara da rast gəliriksə, bu necə mümkün olur?
İqtisadçı ekspert Eldəniz Əmirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Şuşaya həyata keçirilən səfərlər spesifikasına görə digər ərazilərdən çox da fərqlənmir: “Sadəcə olaraq, qiymət məsələsində bir fərq ortaya çıxır. Biz burada bir məsələyə xüsusi diqqət etməliyik. Bir var siz konkret olaraq rayona getmək üçün sərinişindaşıma xidəıtindən istifadə edəsiniz, bir də var turpaketlə səyahətə çıxırsınız. Bunların arasında fərq var. Buna görə də qiymətlər fərqlənir. Çünki tura yalnız daşınma deyiı, əlavə xidmətlər də aiddir. Bunu əslində bazar tənzimləməlidir. Ancaq biz görürük ki, bunun üçün heç də bütün turizm şirkətlərinə bu sahədə fəaliyyət göstərməyə icazə verilmir. Nəticədə qiymətdə rəqabətlilik olmur. Yəni monopolist mövqedən doğan baha qiymət ortaya çıxır. Burada başqa bir məsələ də var. Bəzən ayrılan kvotanın çoxunu turizm şirkətləri alır və digər vətəndaşlar bilet tapa bilmir. Bu sahədə tənzimlənməni əlaqədar qurumlar mütləq aparmalıdır. Xüsusilə də Avtovağzal rəhbərliyi belə məsələlərin alver predmetinə çevrilməsinə imkan verməməlidir. Çünki sadə səfərə getmək istəyən vətəndaş bilet tapa bilməyəndə məcbur qalır ki, iki dəfə baha qiymətə olan turpaketdən yararlansın. Turizm şirkətlərini bu yöndə maarifləndirmək lazımdır ki, belə neqativ hallara yol verməsinlər. Bu hallarla qaşılaşan insanlar əlaqədar qurumlara müraciət edə bilər”.
Xatırladaq ki, bu il yanvarın 24-dən Şuşa və Ağdama avtobus reysləri istifadəyə verilib. Bilet satışını həyata keçirmək məqsədilə "yolumuzqarabaga.az" saytı yaradılıb.
Məhəmmədəli QƏRİBLİ