Bu gün daxili bazarda satılan yağlarla bağlı məsələyə dəfələrlə toxunulsa da, vəziyyət dəyişmir. Danılmaz faktdır ki, hazırda yağ bazarında çox az çeşiddə kərə yağına rast gəlinir ki, onu da qiymətinin çox yüksək olması səbəbindən əhalinin əksəriyyəti ala bilmir. Gəlirləri kərə yağı almağa imkan verməyən əhali isə digər yağlara üstünlük vermək məcburiyyətindədir. Hazırda marketlərdə marqarin, palma, soya, günəbaxan, qarğıdalı yağı kifayət qədərdir.
Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 25,19 milyon ABŞ dolları dəyərində 16 min 226 ton palma yağı gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət olaraq 54,4 dəfə çoxdur. Qeyd edək ki,cari il ərzində İndoneziyadan 21,76 milyon ABŞ dolları dəyərində 14 min 413 ton, Malayziyadan 3,43 milyon ABŞ dolları dəyərində 1 min 813 ton belə məhsul alınıb.
Daha öncəki illə müqayisədə Malayziyadan idxalda 7 dəfəyədək artım olub. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi 50,56 min ton palma yağının 60,72 %-i İndoneziyanın, 38,7 %-i Malayziyanın payına düşüb.
Maraqlıdır, ölkədə sağlam, təmiz yağın istehsalında problem varmı ki palma yağının idxalı çoxalıb?
“İndi dünyada günəbaxan yağının qiyməti qalxdığı üçün palma yağı tədarükçülərinə təzyiq artıb”
Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, əhalinin maddi durumu aşağı olduğu üçün belə yağlardan istifadəyə üstünlük verir: “Əslində, ölkədə əhalinin maddi imkanları o qədər məhduddur ki, təbii kərə yağlarını almağa gücü çatmır. Camaat ucuz yağ axtarır, ucuz yağlar da palma və ya bunabənzər yağlar olur. Ucuz satılanların tərkibi qarışıqdır, onlar Azərbaycanda yenidən emal olunur, tərkibinə palma yağı vurulur. Çıxış yolu ölkə daxilində kənd təssərrüfatını inkişaf etdirmək və süd istehsalını genişləndirməkdir”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycanda satılan palma yağı isə tam təhlükəsizdir. Palma yağı iki növdür - yeyinti sənayesi və qeyri-ərzaq məqsədləri üçün, yəni texniki. Birincisi hər yerdə qida məhsullarında, hətta uşaq qidası istehsalında, o cümlədən Avropa ölkələrində istifadə olunur: “Bu, dünyada ən ucuz yağdır və çox maraqlı qüvvələr var ki, bu yağ MDB ölkələrində, o cümlədən Azərbaycanda o qədər də populyar olmasın. Ona görə də uzun illərdir ki, ona qarşı əsassız kampaniya aparılır. MDB bazarı böyükdür və hər bir istehsalçı və təchizatçı bu bazarda öz yerini tapmaqda çətinlik çəkir. İndi dünyada günəbaxan yağının qiyməti qalxdığı üçün palma yağı tədarükçülərinə təzyiq artıb”.
Günel CƏLİLOVA