Masallı elində doğulub boya-başa çatan, 2020-ci il iyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş şahmat üzrə kişilər arasında rayon turniri keçirilir. Qəhrəmanın anadan olmasının 46-cı ildönümü ərəfəsində baş tutan bu xatirə turnirin təşkilatçıları Masallı Rayon Gənclər və İdman İdarəsi, eləcə də rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbidir.
Artıq Ərkivan qəsəbəsinin “Türkan” istirahət mərkəzində start götürən yarışların bir günü arxada qalmışdır. 3 günə nəzərdə tutulan, İsveçrə sistemi üzrə 7 turdan ibarət olan yarışlara 18 yaşdan yuxarı 30-a yaxın həvəskar idmançı qatılıb. Məlumat üçün bildirim ki, ikinci dəfədir bu xatirə turniri keçirilir. Onun təşkilində isə əsas məqsəd Vətən şəhidlərin tanıdılması və müqəddəs saydığımız torpağa daha dərində sevgi hissləri oyatmaqdır.
Yarışlar baş hakim, idman ustalığına namizəd İsmayıl Əzizovun rəhbərliyi altında gərgin mübarizə şəraitində davam edir. Mayın 12-də şəhid mayorun doğum günündə turnirin qalibləri Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü