Su həyatdır, amma su problemi beyləqanlıların həyatını uzun illərdir müşkilə salıb və salmaqda davam edir.
Qeyd edək ki, 2 il əvvəl dövlət başçısının sərəncamı ilə Beyləqan rayonunda 3 artezian quyusu vurulub. Həmin layihələrin icrasına 200 min manata yaxın büdcə pulu xərclənib. Sakinlərin dediyinə görə, onlar quyunu görüb, lakin suyu görən olmayıb.
“2020-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə Beyləqan rayonunda su probleminin həll olunması üçün artezian quyusu qazıldı, ancaq…”
İqtisadçı ekspert Rövşən Ağayev bildirdi ki, 2020-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə Beyləqan rayonunda su probleminin həll olunması üçün artezian quyusu qazıldı: “Quyunun vurulmasından 2 il keçsə də, əhaliyə su verilməyib. Təsəvvür edin ki, məktəb tikirsən, içərisində oxuyan yoxdur. Yol çəkirsən, kimsə oradan faydalana bilmir. Çox keçməz, bu cür "smart idarəetmə"nin nəticələri "smart kəndlər"imizdə də görünər.
Burada əsas məsələ vəsaitin ayrılması, quyunun qazılması yox, sonradan bu işə nəzarətin necə həyata keçirilməsidir. Bir çox yerlərdə quyuları qazıb, pulu alıb, aradan çıxırlar. Sonra oradan su çıxar, insanlar həmin quyulardan keyfiyyətli su içə bilər, ya yox, bu kimsəyə maraqlı deyil. Üstəlik, ayrılan vəsait də az deyil. Əksər hallarda quyu qazılır, amma su çıxmır. Əgər bu quyulardan su çıxmayacaqsa, vəsaitin ayrılması məntiqsizdir. Su resurslarından daha səmərəli və qənaətli istifadə etmək üçün sayğaclaşdırma prosesi də aparılmır. Maraqlı tərəflərdən biri də qazılan quyulardan su çıxmayandan sonra bu işi layihələndirib-planlayanların məsuliyyət daşımamasıdır”
Həmsöhbətimiz onu da əlavə etdi ki, su subartezian quyuları isə əhalisi 736 min nəfərə yaxın olan 254 yaşayış məntəqəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və içməli suya tələbatının ödənilməsi üçün idi. Ancaq bölgələrdə su qıtlığı, içməli suyun olmaması ilə bağlı daim şikayətlər olur.
Günel CƏLİLOVA