Mətbuatda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında ağacların kəsilməsi barədə məlumat və videogörüntü yayılıb.
Ətrafda yaşayan sakinlərin mətbuata verdiyi məlumata görə, Nəbatat Bağında aparılan tikinti işləri ilə əlaqədar bəzi ağaclar kəsilib. İddialara görə, ərazidə yeni tikili inşa olunur və bu məqsədlə də ağaclar kəsilir.
Yadınıza gəlirsə, bir neçə ay bundan əvvəl Mərkəzi Nəbatat Bağında Bağın baş direktoru Natiq Allahverdiyev mətbuata açıqlama verərək Nəbatat Bağı ərazisində iki qanunsuz villa tikildiyini bildirmişdi. Məlumatlara görə, Bağ ərazisində qanunsuz tikilən həmin o iki villa hələ də sökülməyib.
Qanunsuz tikilən evlər sökülməmiş bağın ərazisində yeni tikilinin inşa olunduğu və bu məqsədlə ağacların kəsildiyi barədə xəbər yayılıb.
Necə ola bilir ki, o qanunsuz tikililəri sökmək əvəzinə bag ərazisində yeni bina inşa olunur? İddialar nə dərəcədə doğrudur?
Azadə Balayeva: "Nəbatat Bağının ətrafında qanunsuz tikililər var, onlar sökülür”
Mətbuatda əksini tapan məlumatı araşdırmaq üçün AMEA-nın Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva ilə əlaqə saxladıq. A.Balayeva "Bakı - Xəbər" ə bildirdi ki, Nəbatat bağında heç bir ağaca toxunulmayıb:"Heç bir ağac kəsilməyib. Əksunə, orada yeni ağaclar əkilir. Nəbatat bağı Bakının simasına uyğun yenidən qurulur. Noyabr-dekabr aylarında 11 min ağac əkilib. Nəbatat bağının ətrafında qanunsuz tikililər var, onlar sökülür”.
Mərkəzi Nəbatat Bağı: "Ağacların kəsilməsindən söhbət gedə bilməz"
Mərkəzi Nəbatat Bağında da" Bakı - Xəbər"ə bildirildi ki, görüntülər həqiqəti əks etdirmir. Bizə verilən məlumata görə, ərazidə heç bir ağac kəsilməyib. Dövlət xətti ilə bağ ərazisində abadlıq, yenidən qurma işləri aparıldığını deyən qurum təmsilçisinin qeyd etdiyinə görə, həyətdəki bəzi istismar müddəti başa çatan tikililər sökülür. "Nəbatat bağında heç bir yeni tikili inşa olunmur. Burada dövlət səviyyəsində təmir işləri həyata keçiriləcək. Burada köhnə, istismara yararsız olan binalar sökülür. Amma ağacların kəsilməsindən söhbət gedə bilməz. Bir ağacı kəsmək istəyəndə belə, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırıb sonra kəsilir. Ekologiya Nazirliyinin icazəsi olmadan burada heç bir ağac kəsilmir".
Nəbatat Bağının ərazisində qanunsuz tikilən villalara gəlincə, qurumdan bildirdilər ki, tikililər hələ də yerində qalır :"Bu əvvələr olmuşdu. Hazırda onlarla bağlı hansı təd görüldüyü barədə məlumatsızam. Amma həmin qanunsuz villalar hələ də sölkülməyib" .
Qurumdan onu da bildirdilər ki, Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq-quruculuq və təmizlik işləri, aqrotexniki işlər bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir. "
Mərkəzi Nəbatat Bağında aparılan bu işlərin məqsədi Bağdakı şəraiti daha da yaxşılaşdırmaq, dövrün tələblərinə cavab verən bir bağ yaratmaq və uyğun şəkildə ziyarətçilərin istifadəsinə verməkdir" - deyə qurumdan bildirdilər.
Qeyd edək ki, mayın 5-də Prezident İlham Əliyev “Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb, bağın yenidən qurulmasına 25 milyon manat ayırıb.
İradə SARIYEVA