Məlumdur ki, müəllimlərin işə qəbulu prosesində növbəti mərhələlərdən biri müsahibədir. Bu günlərdə müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsi keçirilib. Lakin növbəti müsahibə mərhələsi xoşagəlməz amillərlə yadda qalıb.
Belə ki, çox sayda, hətta yüksək nəticə göstərmiş müəllimin məhz şəxsi amillərlə bağlı müsahibədən keçmədiyi bildirilir. Müəllimlər sosial şəbəkələrdə öz etirazlarını bildirərək müsahibədən “kəsilmə” səbəbləri kimi hamilə, yaxud hicab geyimində olmalarını göstərib.
Maraqlıdır, müəllimlik peşəsi üçün hicab və ya hamiləlik niyə qəbul edilmir?
“Hamiləlik səbəbilə müsahibədən kəsilmə çox gülünc bir şeydir, həmçinin cəmiyyətimizə qarşı tərbiyəsizlikdir”
Təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu mövzu ilə bağlı çoxlu sayda şikayətlər var: “Müəllimliyə namizədlərin kəsilməsində əsas iki səbəb var. Müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsindən ciddi narazılıqlar var. Bir çox namizəd əsassız olaraq bu mərhələdən kəsildiyini bildirir. Bu mərhələdə kəsilən qadın namizədlərin əksəriyyəti səbəb kimi hicablı, yaxud ana olmağa hazırlaşmasının göstərildiyini qeyd edir. Məsələ burasındadır ki, həmin şəxslər hələ 2021-ci ilin müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanıblar və 7 aydır ki, məktəblərdə çalışırlar. 7 ay müəllim kimi çalışan bu şəxslər bu qədər müddət sonra hamiləlik və hicab geyinmə səbəbi əsas gətirilərək müsahibədən kəsilir. Bəziləri isə heç bir səbəb göstərilmədən kəsildiklərini bildirir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Əmək Məcəlləsinə əsasən, hamiləlik və ya 3 yaşınadək uşağın olması səbəbilə qadınla əmək müqaviləsinin bağlanılmasından imtina yolverilməzdir. Onların bəziləri artıq 7 aydır ki, müəllim kimi çalışır. Hətta bəziləri 3-4 il müddətli müqavilə ilə çalışanlardır: “Hamiləlik səbəbilə müsahibədən kəsilmə çox gülünc bir şeydir, həmçinin cəmiyyətimizə qarşı tərbiyəsizlikdir. İlk olaraq elə bu müsahibənin özü absurddur. İmtahan keçirilib, 7 aydır bu şəxs çalışır və bu qədər müddət sonra hamiləlik, hicab geyinmə səbəbilə əmək müqaviləsi bağlamaqdan imtina edilir. Hər kəs fiziki baxımdan eyni görünüşə malik deyil. Ən gülünc tərəfi də budur ki, müəyyən qədər kilolu xanım namizədlər də hamilə bilinərək, heç bir əsas göstərilmədən müsahibədən kəsiliblər. Hətta kəsilənlər arasında uzun don geyindiyi üçün hamilə bilinərək kəsilənlər də var. Təsəvvür edin, müsahibə suallarına cavab verən insanlar heç bir əsaslı səbəb göstərilmədən bu mərhələdə kəsilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hicab tamamilə qara niqab deyil ki, hicab geyinən qadınlar arasında çox pozitiv görünənlər var. Onlar da kəsilib: “Məlumdur ki, müəllimlərin korporativ geyim forması var və bu gün ona heç kim əməl etmir. Mini yubkada, dar cins şalvarda məktəbə gəlmək olar, normal baş örtüyü ilə olmaz. Mənə müraciət edənlər arasında hicablı xanımlar var, normal zahiri görünüşə malikdirlər. Yaxud da Təhsul Nazirliyi rəsmən elan etsin ki, İslam dəyərlərini daşıyan insanlar təhsildən kənar olsun. Bu da gülüncdür. Konkret tapşırıq var, insanları müsahibədən bilərəkdən kəsin. Qeyd edim ki, bu mərhələdən kəsilənlər apellyasiyaya müraciət ediblər. Apellyasiyanın mahiyyəti odur ki, şikayət araşdırılsın, şikayətçinin müsahibə mərhələsindəki videolar dinlənilsin. Nəticədə şikayətçinin haqlı olduğu ortaya çıxarsa, heç bir qanuni əsas göstərilmədən müsahibədən kəsildiyi görülərsə, həmin şəxs avtomatik müsahibədən keçmiş sayılır”.
Günel CƏLİLOVA