Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı üç aylıq layihənin Gəncə şəhərində yekun konfransı təşkil olundu. Layihə rəhbəri Lamiyə İsazadə konfransı Ümummilli liderimiz Heydər Əliyevin təhsil haqqında söylədiyi bu cümlə ilə başladı: “Gərək gənclərimiz həyatımızın bütün çətinliklərinə baxmayaraq təhsillənsinlər.” Layihə rəhbəri daha sonra layihənin donoru və layihə haqqında konfrans iştirakçılarını məlumatlandırdı. İcra olunan üç aylıq layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli qızlarımızın təhsil səviyyələrinin, psixoloji vəziyyətlərinin monitorinqi aparıldı. Bu monitorinqin nəticələrinin müzakirəsi üçün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının inzibati binasında 300 nəfərdən çox qonağı əhatə edən yekun konfrans, ictimai müzakirə təşkil olundu. Konfransda Milli Məclisin deputatı, professor Elman Nəsirov, millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar universitetinin rektoru İbrahim Cəfərov, siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Tünzalə Vəliyeva, Gəncə şəhər Təhsil İdarəsinin nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, məktəb və kollec direktorları, müəllimlər, tələbələr və digər ziyalılar iştirak etdi. Təhsilin insan həyatındakı vacib rolu haqqında ziyalılarımız öz fikirlərini bölüşdülər. Konfransdan sonra layihə rəhbəri və Bakı şəhərindən konfransda iştirak üçün Gəncəyə gələn qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovla görüşdülər. Konfransın təəssüratlarını şəhər icra başçısı ilə bölüşdülər, qızlarımızın təhsil almalarının vacibliyi haqqında geniş fikir mübadiləsi apardılar. Niyazı Bayramov bu cür layihələrə hər zaman təşkilati dəstək verdiyini söylədi. Təşkil olunan bu konfransa Prezident Administrasiyası, Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı təşkilati dəstək vermişdir.