Kəndli min bir əziyyətlə əkdiyi yonca və taxılı sulamalıdır, ancaq təəssüf ki, su tapmır. Hazırda bu problemlə üz-üzə qalan Neftçalanın Beştəli kəndinin camaatıdır. Sakinlər iddia edirlər ki, məlum problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onlara hər hansı bir cavab verilməyib. Nəticədə isə sahələr susuzluqdan yanır.
Sakinlər qeyd edir ki, nasoslar işləmədiyindən həm Beştəli, həm də ətraf kəndlərin əkin sahələri susuz qalıb: “Hazırda yonca və taxıl sahələrinin suvarılma vaxtdır. Amma su olmadığı üçün əkinləri qurumaq üzrədir. Bizə deyilir ki, Kürün suyunun şorlaşması səbəbindən nasoslar sondürülüb. Amma Kürün o tayında bütün nasoslar işləyir”.
Neftçala RİH: “Əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qaldırılacaq”
Sakinlərin şikayəti ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətindən bildirildi ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən dənizin suyu 41 kilometr irəliləyib: “Nəticədə Kür çayı boyu 22 yaşayış məntəqəsində əhalinin su təlabatının ödənilməsində problemlər yaranıb. Bu gün Neftçala rayon ərazisində 22 su nasosundan yalnız Neftçala magistral su kanalından Xol zonasına suyun verilməsi təmin edilib. Bundan başqa sözügedən ərazilərə 25 sudaşıyan nəqliyyat vasitələri ilə modul qurğulara su daşınması təmin edilib. Görülən tədbirlərlə əlaqədar may ayının əvvəllərində Kür çayında suyun səviyyəsində artımı gözlənilir. Bununla da əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qaldırılacaq”.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti: “Bu həftənin sonuna qədər həmin kəndin və bütün ətraf kəndlərin suvarma suyuna olan tələbatı ödəniləcək”
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində isə qeyd edildi ki, artıq bu istiqamətdə tədbir görülür: “Bildiyiniz kimi, Prezidentin sərancamı ilə Su Komissiyası yaradılıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC də həmin komissiyanın üzvüdür. Neftçalanın Beştəli kəndi də artıq komissiyanın nəzarətindədir. Sözügedən kənddə su təminatını təmin etmək üçün Mingəçevir su anbarından Kür çayının suyu artırılıb. Hazırda Kür çayında su 200 kubmetr/saniyəyə qədər ayrılıb. Bu həftənin sonuna qədər həmin kəndin və bütün ətraf kəndlərin suvarma suyuna olan tələbatı ödəniləcək”.
Günel CƏLİLOVA