İş həyatında qadınların rolunun artması uşaqlara baxmaq kimi məsuliyyətlərin yaranmasına gətirib çıxarır. Əlbəttə, qadın istəyərsə hər şeyi bacarar. Bu işdə isə köməyə dayələr çatır. Yaxşı dayə, yaxud başqa adla desək, baxıcı seçimi ciddi əmək, vaxt və məlumat istəyən məsələdir.
Lakin hazırda onlarla baxıcının arasından ən uyğun namizədi seçmək bir xeyli asanlaşıb. Bu iş üçün nəzərdə tutulan şirkətlər var ki, onlar ailələrin istəklərinə uyğun dayələri bir araya gətirib, psixoloji, tibbi və s. yoxlanışdan keçirərərək müraciət edənlərə təklif edirlər.
Qeyd etdiyimiz kimi, ölkəmizdə çoxlu sayda dayə şirkətləri var. Bu şirkətlər arasında elələri var ki, vətəndaş narazılığına səbəb olur. Söhbət Səbail rayonu Əhməd Cavad küçəsi 15 ünvanında yerləşən “Nanny.az” dayə şirkətindən gedir. Son zamanlar bu şirkətlə bağlı səslənən şikayətlərin sayı artıb. Bildirilir ki, şirkət vətəndaşları aldadıb pulunu mənimsəyərək dələduzluq edir. Belə ki, şirkət vətəndaşla müqavilə imzalamadan öncə ilk olaraq 400 manat alır, dayə üçün isə ayrılıqda yüksək əmək haqqı tələb edir. İddia edilir ki, şirkətin təqdim etdiyi dayələr isə əvvəllər uşağa baxmayıb, əsasən evlərə təmizliyə gediblər.
“Bazamızda 45 min dayə var, onların psixoloji vəziyyəti barədə məlumatlı olmamağımız da normaldır”
Iddialarla bağlı “Nanny.az” şirkətindən bildirildi ki, vətəndaşlardan alınan 400 manat dayə axtarışında göstərilən ilkin xidmətə görədir: “Bu səbəbdən ödənişi geri qaytara bilmirik. Lakin bunun müqabilində müqavilə ilə bağlı alternativ təkliflər veririk. Şirkətin öz prinsip və qaydaları var. Bunlar barəsində vətəndaşa göndərilən müqavilədə də qeyd olunur. Vətəndaş razı deyildisə, müqaviləni təsdiqləməyə bilərdi. Bazamızda 45 min dayə var. Onların psixoloji vəziyyəti barədə məlumatlı olmamağımız da normaldır. Valideynlə dayə arasında razılıq əldə olunduqdan sonra dayənin kliniki müayinəsini edib bu barədə məlumatı valideynə göndəririk”.
Günel CƏLİLOVA